Son bir həftə ərzində İranda ən azı 217 etirazçı həlak olub, ölümlərin əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində baş verib.
Bu barədə "Arqumentı i faktı" mənbələrə istinadən bildirib.
Xəbərə görə, ölənlərin çoxu gənclərdir. Tehranın şimalında polis məntəqəsi yaxınlığında təhlükəsizlik qüvvələri etirazçılara pulemyotla atəş açıb, 6 nəfərin öldüyü deyilir.
Vaşinqtonda yerləşən və yalnız şəxsiyyəti müəyyən edilmiş qurbanların sayını açıqlayan "Human Rights Activist News Agency" informasiya agentliyi etirazların başlanmasından bəri ən azı 63 nəfərin öldüyünü bildirib.
İran hüquq-mühafizə təşkilatı "Hrana" isə ən azı 65 qurban olduğunu, bunların 7-nin yetkinlik yaşına çatmamış şəxslər olduğunu bildirib.
Ümumilikdə, İranın 31 əyalətinin 180 şəhərində, xüsusilə Tehran, Məşhəd, Təbriz, Şiraz, Abhar, Zahedan və Kərəcdə etirazlar davam edir.
İnformasiyaların yayılmasının qarşısının alınması məqsədilə ölkədə internet kəsilib.
RİA Novosti agentliyinin məlumatına görə, Tehran meri Əlirza Zəkani etirazçıların 25 məscidi, 42 avtobusu, 24 mənzili, 10 dövlət binasını yandırdığını və 26 banka hücum etdiyini bildirib. Bundan əlavə, iğtişaşçılar təxminən 50 yanğınsöndürmə maşınını yandırıblar.
Bu arada İsrail Xarici İşlər Nazirliyi fars dilində sosial media səhifəsində aşağıdakı məlumatı dərc edib:
İran rejimi vətəndaşlarına ayda yeddi dollar verir, Hizbullah isə hər döyüşçüyə 1800 dollar alır. İnsanlar artıq rejimin pullarını istəmədikləri şeylərə xərclədiyini gördülər. Və sonra iqtisadi tələblər dərhal siyasiləşdi: prioritetlərdə dəyişiklik olmadan iqtisadiyyatı xilas etmək mümkün deyil, amma prioritetləri dəyişdirmək üçün rejim dəyişməlidir.
SAMİRƏ