ABŞ-ın Venesuelaya hücumundan həftələr öncə Prezident Trampın ABŞ neft şirkətlərinə “hazır olun” xəbərdarlığı etdiyi ortaya çıxıb.
"Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, Tramp Venesuelaya hərbi müdaxilədən həftələr əvvəl ABŞ neft şirkətlərinin rəhbərlərinə "Hazır olun, böyük dəyişikliklər gəlir" mesajı göndərib.
Anonimlik istəyən mənbələrə görə, Tramp məsələ ilə bağlı əlavə detalları paylaşmayıb və yüksək vəzifəli şəxslərin fikrini soruşmayıb.
Venesuelaya hərbi müdaxilədən sonra dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsi olan Venesuelanın neft sənayesində "çox güclü" iştirak edəcəklərini açıqlayan Tramp bildirib ki, "Biz (Venesuelaya) nəhəng ABŞ neft şirkətlərini gətirəcəyik, onlar neft infrastrukturunun təmirinə milyardlarla dollar xərcləyəcəklər və ölkə üçün pul qazanmağa başlayacaqlar".
Xatırladaq ki, 3 yanvarda xüsusi əməliyyatla tutularaq Birləşmiş Ştatlara aparılan Venesuela Prezidenti Maduro və həyat yoldaşı Siliya Floresə qarşı ittihamlar irəli sürülüb və Maduro "narkotik terrorizmi, kokain qaçaqmalçılığı və ABŞ-a qarşı pulemyot və dağıdıcı qurğular saxlamaq" ittihamları ilə üzləşib. Maduro özü bu ittihamları qəbul etmir. Venesuela hökuməti beynəlxalq ictimaiyyəti ABŞ-ı qınamağa çağırıb, bəzi ölkələr hücumu tənqid edib, digərləri isə ABŞ-ı dəstəkləyib.
SAMİRƏ