Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müşaviri və siyasi xadim Vladimir Poqosyan "Noyan Tapan na russkogo" YouTube kanalında qonaq olub.
ABŞ-ın geosiyasi qazanc əldə etmək üçün Avropa (əsasən Ukrayna) sivilizasiyasını Rusiya sivilizasiyası ilə qarşı-qarşıya qoyduğunu deyən Poqosyan ABŞ prezidenti Donald Trampın özünü də tənqid edib.
"Baxın, Tramp indi necə konsepsiyaları alt-üst edir, Avropa sivilizasiyasına necə hücum edir!
Axı, amerikalı nədir? Amerikalıların hamısı Avropadan qaçqındır. Onlar ora gəldilər, yerli amerikalıları qovdular, onlara qarşı soyqırım törətdilər və türklər və azərbaycanlılar kimi başqalarının qanı üzərində öz dövlətlərini yaratdılar.
İndi Tramp deyir ki, "Bizi və Yunanıstanı Avropa sivilizasiyasının birləşdirdiyini deməyin". Bəli, Amerika Avropa sivilizasiyası ilə eynidir, çünki ümumilikdə bütün amerikalılar avropalıdır. Baxmayaraq ki, bu avropalılar gəlib özlərini Şvartsenegger və Madonna adlandırırlar, bütün bu insanlar kimlərdir? Bəziləri avstraliyalı, bəziləri avstriyalı, bəziləri alman, bəziləri fransız, bəziləri italyanlar, bəziləri belçikalıdır. Yəni Amerikanı 90% Avropa xalqları yaratdı, hamısı ora qaçdı, amma əsasən də quldurlar və məhkumlar qaçdılar..." deyən V.Poqosyan əslində hazırkı amerikalıların avropalı quldur və məhkumların xələfləri olduqlarına eyham vurub.
Verilişin ən maraqlı məqamı isə Poqosyanın “qədim Ermənistanı unutması” barədə Trampa irad səsləndirməsi olub. O deyib ki, Romada Kolizeyin yaxınlığında bu nəhəng dəmir lövhədə qədim xəritə var və orada böyük hərflərlə cəmi iki ölkə göstərilir: ROMA və ERMƏNİSTAN!
“Və yanında kiçik hərflərlə Yunanıstan, Suriya, Assuriya və s. yazılıb”, - deyə V.Poqosyan bildirdikdə aparıcı onun sözünü kəsərək, Suriyanın o vaxtlar mövcud olmadığını deyib. Poqosyan isə çarəsiz şəkildə bununla razılaşmalı olub.
SAMİRƏ