Mətləb Salahov: “Almaniya Kanslerinin iddiaları həqiqətdirsə o zaman Rusiya-Avropa müharibəsi qapıdadır”
“Artıq Rusiya və Avropa Bireliyi arasındakı münasibətlər açıq düşməınçilik həddinə çatıb. Bu münasibətləri “Qoca qitə” ilə ABŞ Administrasiya arasındakı münasibətlərə də şamil etmək olar. Çünki həm Vladimir Putin, həm də Donald Tramp bir sıra həlledici məsələlərdə birgə hərəkət etməklə Avropa İttifaqı üçün hədəf halına gəliblər. Artıq iş o yerə çatıb ki, Almaniya Kansleri Fridrix Merz açıq şəkildə V.Putinin Ukraynada dayanmayacağını, keçmiş SSRİ sərhədləri çərçivəsində Avropa ilə “çəpər çəkməyi” planlaşdırdığını deyir. Almaniya Kanslerinin iddiaları həqiqətdirsə, o zaman Rusiya-Avropa müharibəsi qapıdadır. Üstəgəl nəzərə alsaq ki, hazırkı ABŞ hakimiyyəti də əvvəlki vaxtlardan tam fərqli olaraq Qərbin deyil, məhz Rusiyanın yanındadır, o zaman vəziyyətin kritik həddə olduğu aşkar ortadadır.” Bu fikirləri “Bakı Xəbər”ə şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırkı siyasi mənzərə onu göstərir ki, D.Tramp Avropanı Rusiyanın “qucağına atır”. “Diqqət edin: D.Tramp Ukrayna müharibəsini vəd etdiyi kimi heç cürə bitirə bilmir. Çünki V.Putin məsələnin məhz onun dediyi şərtlərlə yekunlaşmasını istəyir. Kreml sahibinə müqavimət göstərə bilməyən D.Tramp var gücü ilə Volodimir Zelenskini və Avropa liderlərini də müharibəni məhz V.Putini dediyi şərtlər daxilində bitirməyi təklif edir. Lakin Avropa liderləri anlayırlar ki, bu proses baş versə o zaman Rusiyanı dayandırmaq mümkünsüz olacaq. Çünki məhz Moskvanın şərtləri ilə reallaşacaq həll variantı Rusiyanı növbəti hədəflərə həvəsləndirəcək. Üstəlik Ukraynanın NATO-ya üzv olmayacağı barədə Aİ rəhbərlərinin bəyanatları da eşidilməyə başlayıb. Lakin Ukrayna həm də Avropa üçün Rusiya ilə ikinci “Berlin divarı” halına da gəlib. Bu, günün reallıqıdır. Əgər Avropanın təhlükəsizliyini nəzərə alan müddəalar olmasa Ukraynada müharibə bitməyəcək və bu da o deməkdir ki, Avropa-Rusiya müharibə si də yavaş-yavaş qapıya yaxınlaşır”.
Namiq Quliyev