Gürcüstan parlamentin çoxluq lideri İrakli Kirkxaliya ölkədə yığıncaq və nümayişlərin keçirilməsi qaydalarına dair qanunvericiliyin sərtləşdirilməsi haqqında yeni təşəbbüs təqdim edib. Bu barədə Gürcüstanın 24News.ge saytı məlumat yayıb.
Yeni layihəyə əsasən, yığıncaq və ya nümayişin təşkilatçıları tədbir barədə bələdiyyə orqanı ilə deyil, birbaşa Daxili İşlər Nazirliyi ilə əvvəlcədən əlaqə saxlamalı olacaqlar. Əgər mövcud plan ictimai asayişə, dövlət qurumlarına, nəqliyyatın işinə, insanların sərbəst hərəkətinə və ya digər şəxslərin hüquq və azadlıqlarına təhlükə yaradırsa, nazirliyə belə tədbirlərin keçirilmə yerini və ya marşrutunu dəyişdirməyi təklif etmək səlahiyyəti veriləcək. Qanun dəyişikliyinə görə, DİN-in alternativ yer və ya marşrut təklifini qəbul etməyən və buna baxmayaraq tədbiri əvvəlki yerdə keçirən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. Nümayiş iştirakçılarına 15 günədək, təşkilatçılara isə 20 günədək inzibati həbs nəzərdə tutulur. Təkrar pozuntuya görə artıq cinayət məsuliyyəti tətbiq ediləcək: Gürcüstan Cinayət Məcəlləsinin 347-ci maddəsinə uyğun olaraq bir ilədək azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. İradə SARIYEVA