ABŞ administrasiyası təkid edir ki, Ukrayna Donald Trampın yenilənmiş sülh planı çərçivəsində əhəmiyyətli ərazi güzəştlərinə razı olsun. Bu barədə Qazeta.ru məlumat yayıb.
Kiyev isə hesab edir ki, ABŞ-ın təklifinin bəzi elementləri Moskva üçün həddən artıq əlverişlidir və Ukraynaya təzyiq Vaşinqtonun Rusiyaya tətbiq etdiyi ilə qeyri-mütənasibdir. Amerikanın "Axios" nəşri mənbələrə istinadən xəbər verir ki, ABŞ Ukrayna prezidenti Volodimir Zelenskidən Donbası təslim etməyi tələb edir. Kiyev bunu avropalı müttəfiqlərlə məsləhətləşmələri başa çatdırmazdan əvvəl planın yekunlaşdırılmasını sürətləndirmək cəhdi kimi qiymətləndirir. ABŞ rəsmisi bu cür iddiaları təkzib edərək bildirib ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinə də mövqeyini yumşaltmaq üçün təzyiq göstərir. Ukrayna rəsmilərinin sözlərinə görə isə, Trampın məsləhətçiləri Stiv Uitkoff və Jared Kuşnerlə Putin arasında keçən həftə Moskvada keçirilən görüşdən sonra ABŞ-ın təklifləri xeyli sərtləşib. Ukrayna rəsmisi iddia edir ki, ABŞ tərəfi Mayamidə üç günlük danışıqlardan sonra şənbə günü baş tutan telefon danışığı zamanı Zelenskinin Donbasın verilməsi ilə bağlı açıq razılığını əldə etməyə ümid edirdi. İradə SARIYEVA