ABŞ Ermənistan ərazisində tamamilə hərbi varlığını artırır. Artıq sensasiya sayıla biləcək xəbər yayılıb. Belə ki, Pentaqonun elit bölməsinin zabitləri sülhməramlılar adı altında Ermənistana gəliblər. Erməni politoloqu Hayk Naxapetyan açıqlayıb ki, məhz bu addım artıq Kremli təşvişə salıb və Ermənistana olan qəzəb daha da kükrəyəcək.
Xatırladaq ki, bu yaxınlarda Ermənistan amerikalılarla birgə təlimlər keçirəcəyini açıqlamışdı və bu proses artıq başlayıb. İrəvanın planları Moskvanı ciddi narahat etməyə başlayıb. Kremlin sözçüsü Dmitri Peskov hələ o zaman demişdi ki, Kreml xəbərləri təhlil edəcək və vəziyyəti izləyəcək. O, həmçinin vurğulayıb ki, Rusiya ardıcıl olaraq regionda vəziyyətin sabitləşdirilməsində mühüm rol oynamağa davam edir və fəaliyyətini məhdudlaşdırmağı planlaşdırmır.
Erməni hərbi ekspert və politoloq Hayk Naxapetyanın dediyi kimi, Moskvanın ehtiyatlı olması tamamilə təbiidir. Naxapetyanın sözlərinə görə, Pentaqonun 101-ci elit hava-desant diviziyasının zabitləri sülhməramlı qüvvələr adı altında Ermənistana eniş ediblər. Beləliklə, ABŞ Ermənistan ərazisində açıq-aşkar hərbi varlığını gücləndirir. Sözsüz ki, Rusiyanın cavabı daha ağır olacaq. Bunu Nikol Paşinyan da bilməmiş deyil..
Mətləb Salahov