Bolqarıstan Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb. Görüşdə Prezident Rumen Radev Azərbaycanın və Bolqarıstanın, sadəcə, strateji tərəfdaş deyil, həm də çox yaxın ölkələr olduğunu qeyd edib. O, ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoq müntəzəm xarakter daşıdığını diqqətə çatdırıb. Azərbaycanın və Bolqarıstanın beynəlxalq müstəvidə baş verən bir çox proseslərə eyni baxışlara malik olduğunu deyən dövlət başçısı ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib.
O, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan müsbət danışıqların ölkələrimiz arasında münasibətlərin inkişafında vacib rolunu qeyd edib. Parlament sədri deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.
Mətləb