Naftalan sakini Afiq Muradov və Quba sakini Tehran Əmiraslanovun Prezidentə göndərdikləri məktublarda qorxunc virusdan minimum zərərlə qurtulacağımıza böyük bir əminlik ifadə olunur:
Afiq Muradov:“Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılır. Sizin qətiyyətli tapşırıqlarınız nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Hazırlanmış sosial-iqtisadi paketlər, həkimlərimizi ilk gündən diqqət mərkəzində saxlamanız bizim gələcəyə ümidimizi daha da artırır. Ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür. Biz həkimlər əminik ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq. Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi, dövlətimizi, xalqımızı qorusun!”.
Tehran Əmiraslanov:“Dünya gözəgörünməz bir virusla böyük mübarizə aparır. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Bu arzuolunmaz “qonaq”, əlbəttə ki, bir gün bizləri tərk edəcək. Sizin sözlərinizlə desək, bu çətinlikdən də ən az zərərlə qurtulmaq lazımdır. Sizin təxirəsalınmaz tapşırıqlarınız və ciddi nəzarətinizlə ölkəmizdə böyük tədbirlər görüldü və görülməkdədir. Əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir. Bu proseslər biz vətəndaşların gözü önündə baş verir və buna görə də Sizə təşəkkür edirik. Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərdiyiniz yardım təqdirəlayiqdir. Buna görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Rayonumuzun sahibkarları, o cümlədən mən Sizlərin sahibkarlara göstərdiyiniz yardımlardan yararlandıq. Sizə bir daha minnətdarlığımı bildirirəm”.