İran zənginləşdirilmiş uran ehtiyatının artırılması istiqamətində daha bir addım atdı

İran zənginləşdirilmiş uran ehtiyatını artırıb. Baki-xeber.com xəbər verir ki, bunu İran dövlət televiziyasına müsahibəsində bu ölkənin Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kamalvəndi deyib.
Onun sözlərinə görə, İranın 4,5 faiz səviyyəsindəki zənginləşdirilmiş uran ehtiyatını 300 kq limitini aşaraq 370 kiloqrama çatdırıb. Bu rəqəmin sürətlə artacağını deyən Kamalvəndi əlavə edib ki, ağır su ehtiyatını da 130 tondan yuxarıya çıxarmaq nəzərdə tutulur və bu istiqamətdə hər hansı bir məhdudiyyət yoxdur.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə Tehran arasında 2015-ci ildə imzalanmış sazişin şərtlərinə görə, İran ən çox 300 kiloqram zənginləşdirilmiş uran ehtiyatına malik ola bilərdi. Sənəddə bu miqdardan artıq olan uranın beynəlxalq bazarda satılması və əvəzində təbii uran əldə edilməsi nəzərdə tutulurdu. Bundan başqa, sazişdə Tehranın ağır su ehtiyatını 130 tondan yuxarı çıxarmayacağı da qeyd olunub.
ABŞ hökumətinin 2018-ci ilin mayında bu sazişdən çıxdığını bəyan etməsindən və İrana qarşı sanksiyalar tətbiqindən sonra İran özünün nüvə proqramı üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyəcəyini bəyan edib.