Böyük Britaniyanın "Ibtimes.co.uk" portalında Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı geniş reportaj təqdim edilib. Trend-in məlumatına görə, videomaterialda Avropa Oyunlarının əhəmiyyəti, britaniyalı atletlər üçün yaradılan şərait və qazanılan uğurlardan bəhs edilir: "Dumanlı Albion”u təmsil edən hündürlükdən suya tullanma üzrə idmançılar Atletlər kəndində onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Böyük Britaniya komandası möhtəşəm Bakı Su İdmanı Sarayında keçirilən yarışlarda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb".
Müxtəlif növlər üzrə 1 dəst medala sahib çıxan Ceyms Hitli deyib: "3 medal qazandığım üçün heyrətamiz hisslər keçirirəm. Bu cür nəticə əldə edəcəyimi gözləmirdim”.
Daha bir qızıl medal qazanan Metyu Li isə Avropa Oyunlarında və Atletlər kəndində möhtəşəm ab-havanın olduğunu qeyd edib: "Bu, mənim karyeramda ilk multi-idman yarışıdır. Atletlər kəndində ab-havanı birinci dəfədir ki, duyuram. Bu, möhtəşəm hissdir. Həyatımda ən gözəl təəssüratlardır. Ümid edirəm ki, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam. Bunun üçün çox çalışmalıyam”.
İtaliyanın "fosnova.it” saytı da I Avropa Oyunları ilə bağlı məqalə dərc edib. APA-nın məlumatına görə, məqalədə iyunun 22-dən 28-nə qədər Qafqazın ən böyük şəhəri Bakıda beynəlxalq səviyyəli idman tədbirinin - Birinci Avropa Oyunlarının keçirildiyi bildirilir.
Müəllif məqalədə əsas diqqəti bu oyunlarda iştirakçılar sırasında yeni idman növlərinin də olmasına, həmçinin Avropa Oyunlarının açılışının həyata keçirildiyi və hazırda bir sıra oyunların təşkil olunduğu Olimpiya Stadionunun texniki imkanlarına yönəldib: "Avropa Oyunlarının siyahısına salınmış sambo və çimərlik futbolu bu miqyaslı yarışlar üçün tamamilə yenidir. Olimpiya Stadionunun işıqlandırılması üçün seçilmiş son nəsil Astro projektorları vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlir. Yüksək effektivliyə malik, enerjiyə və texniki xidmət xərclərinə qənaət edən bu qurğular arenanı keyfiyyətli işıqla təmin edir. Bu cür projektorlar telereportajların yüksək keyfiyyətini təmin edir”.