APA-nın "Le Figaro”ya istinadən verdiyi məlumata görə, bəyanatda Avropa Oyunlarının açılış mərasimində Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərlərinin nümayiş etdirildiyi bildirilir: "Bakıda Avropa Oyunlarının açılış mərasimində biz mükəmməl təşkilatçılıq gördük. Bu, azərbaycanlılarda ruh yüksəkliyinin olmasını və problemlərin öhdəsindən gəlmək bacarığını göstərir. 30 ay müddətində Azərbaycan 50 ölkənin 20 idman növü üzrə 6000 atletini qəbul etmək üçün ən effektiv təşkilatçılığa nail oldu. Açılış mərasimi insanların öz tarixi və mədəni köklərindən necə qürurlandıqlarını göstərdi. O cümlədən, Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərləri nümayiş etdirildi. Hətta Azərbaycanla faciəvi və ədalətsiz ərazi münaqişəsinə girən Ermənistan belə, digər ölkələr kimi yarışda iştirak etdi. Kənardan olan şərhçilər Azərbaycan xalqının bu oyunlardan əziyyət çəkəcəyini deyirdi. Lakin 68 min izləyicinin stadiondakı ruh yüksəkliyini, gecə saatlarında ailələri ilə açılış mərasimindən qayıtmalarını, oyunlarla bağlı bütün tədbirlərdə sevinclə iştirak etmələrini görmək kifayətdir ki, insanların Oyunları keçirməkdən necə qürurlandıqlarını görəsən”.
Bəyanatda Azərbaycanda çadranın çox az olduğu və burada qadınlara hətta Fransadan 30 il əvvəl səsvermə hüququ verildiyi qeyd olunur: "Dünyanın digər yerlərində dinlərin faciələrlə qarşılaşdığı bir vaxtda burada şiələr, sünnilər, yəhudilər, xristianlar harmoniya, qarşılıqlı hörmət şəklində yaşayırlar”.