"I Avropa Oyunlarının sayəsində azərbaycanlı azarkeşlər idman gimnastikası, triatlon, su idmanı kimi ölkəmiz üçün yeni olan idman növləri ilə tanış oldular". Bu barədə Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyanın İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev deyib.
O bildirib ki, azərbaycanlı azarkeşlər həm yeni idman növləri ilə tanış oldular, həm də unudulmuş idman növlərini xatırladılar: "Su polosu, idman gimnastikası Azərbaycanda unudulmuş idman növləri idi. İdmançılarımızın bu növlərdə uğur qazanması gənc nəsli bu idmanla məşğul olmağa daha çox həvəsləndirməlidir”.
Deputat qeyd edib ki, Mehriban Əliyevanın sədrlik etdiyi Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsi 2 il yarım ərzində elə bir infrastruktur yaradıb ki, belə bir infrastrukturun inşası üçün digər ölkələrə 6-7 il lazım olardı: "Bütün Olimpiya komitələrinin nümayəndələri Azərbaycanda idmanın maddi-texniki bazasından danışırlar. İki il yarım ərzində belə bir infrastruktur yaratmaq həqiqətən də böyük nailiyyətdir. Bu gün Azərbaycanda müxtəlif idman obyektləri inşa edilib ki, bu obyektlərin Avropada analoqu yoxdur. Çünki Avropada böhranın hökm sürdüyü bir vaxtda Azərbaycanda tikinti işləri aktiv şəkildə davam edirdi”.
R.Əliyev vurğulayıb ki, bütün bu işlərdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük əməyi var.