"Rusiya və Azərbaycanı dövlət suverenliyi, milli təhlükəsizlik və adət-ənənələrin qorunması birləşdirir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Parlamentskaya qazeta”da keçirilən "Azərbaycanda birinci Avropa oyunları. Siyasi aspekt” adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Elm və texnologiya komitəsinin sədr müavini Axmet Erkenov deyib.
O bildirib ki, Avropa Oyunlarının keçirilməsi ənənəsi davam etsə də, insanlar hər zaman birinci Avropa Oyunlarını xatırlayacaqlar: "Əminəm ki, Avropa oyunları təkcə idman deyil, dünyəvi məna daşıyır. Tikilən otellər, idman kompleksləri iqtisadiyyatı inkişaf etdirir”.
A. Erkenov Avropa Oyunlarının açılış mərasimində təkcə Rusiya prezidentinin deyil, 20-yə yaxın dövlət başçısının iştirak etdiyini xatırladıb.
Avropa Oyunlarındakı Rusiya parlament nümayəndə heyətinin koordinatoru Darya Qrevtsova isə bu yarışların sayəsində Azərbaycanın turizmlə bağlı qarşısına qoyduğu məqsədə çatdığına əmin olduğunu söyləyib.
Rusiya Dövlət Dumasının deputatı, Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Larisa Yakovleva isə bildirib ki, Azərbaycan gəncliyi Rusiya ilə dostluğa köklənib.
"Əminəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qorunub saxlanılacaq. Orada uşaqlıqdan rus dilini öyrədirlər”, - deyə o, söyləyib.
Dəyirmi masada çıxış edən digər rusiyalı deputat, ictimai birliklər və dini təşkilatlar üzrə komitənin sədr müavini Olqa Kazakova Avropa Oyunlarının keçirilməsinin bütün dünya ictimaiyyəti üçün xeyirli olduğunu vurğulayıb: "Yarışların yaxşı perspektivi var. Çox yaxşıdır ki, Azərbaycanda keçirilən Birinci Avropa Oyunları belə yüksək nəticə verdi. Oyunların açılış mərasimi "ailəvi” və dostcasına alındı”.
Açılış mərasiminin möhtəşəm təşkil olunduğunu qeyd edən Olqa Kazakova bu işdə "qadın əli”nin hiss olunduğunu deyib: "Həmin vaxtda Bundesataqda anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi anlaşılan deyil. Hesab edirəm ki, biz və avropalılar azərbaycanlı həmkarlarımıza oxşamağa çalışmalıyıq”.
Rusiyalı deputat Avropa oyunlarının talismanları barədə də danışıb: "Ceyran və nar. Bundan yaxşısını fikirləşmək olmazdı. Azərbaycanda keçirilən Avropa Oyunları birləşdirə bilən idman hadisəsinə daha bir addımdır”.