Bakıda I Avropa Oyunlarının açılış mərasimi ən gözəl şoulardan biri oldu və mərasim yüksək səviyyədə təşkil olunmuşdu. Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo deyib. Qərb mətbuatında Azərbaycanla bağlı neqativ məlumatlara şərh verən diplomat bildirib ki, idman və siyasəti qarışdırmaq olmaz: "İdman və siyasət – iki ayrı anlayışdır. Bu gün Azərbaycanda isə dostluq və idman bayramıdır”.
C.Kutillo qeyd edib ki, Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf edir: "İtaliya və Azərbaycan arasında yaxşı əlaqələr, strateji əməkdaşlıq mövcuddur. İtaliya hökuməti I Avropa Oyunlarının açılış mərasimində yüksək səviyyədə təmsil olundu. Biz bu əməkdaşlığı bütün istiqamətlərdə yaxşılaşdırmaq niyyətindəyik”.
Səfir həmçinin bildirib ki, İtaliyanın üç naziri son iki ayda Azərbaycanda olub: "Sözsüz, yaxın aylarda qarşılıqlı səfərlər davam edəcək”.
Bakıda I Avropa Oyunlarının açılış mərasimi fövqəladə zərif şou oldu və hamını heyran etdi. Bu barədə isə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillonun xanımı Elizabet Kutillo deyib. O bildirib ki, şounun hər anı son dərəcə gözəl idi: "Musiqi, Azərbaycan xalçaları, "Qobustan” rəsmləri çox xoşuma gəldi. Bunların hamısı çox romantik idi və mərasimdə iştirak etmək imkanım olduğu üçün çox xoşbəxtəm”.
E.Kupillo artıq iki ildir Azərbaycanda yaşadığını və bu müddət ərzində ölkəni sevməyə başladığını qeyd edib: "Azərbaycan çox gözəl və müasir ölkədir. Burada italiyalıları çox sevirlər, hər yerdə isti münasibətlə qarşılaşıram. Azərbaycan mətbəxini, xüsusilə qutab, plov və lülə kababınızı sevirəm”.