Aprelin 24-ü saatlarla hansısa "soyqırım” hadisəsindən reportajlar verən, lakin Avropa mətbuatına birbaşa əlaqəsi olan, Bakıda keçirilən dünya əhəmiyyətli tədbir – I Avropa Oyunlarını işıqlandırmayan "Euronews” telekanalının informasiya və təhlilini obyektiv qiymətləndirmək olmur. Bu barədə Trend-ə "Euronews” telekanalının Bakıda I Avropa Oyunlarının açılış mərasimini yayımlamaması ilə bağlı məsələyə münasibət bildirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, Azərbaycan uzun illər ölkədəki bu cür hadisələri subyektiv qiymətləndirən və bununla ölkəyə qarşı münasibətində əsl mövqeyini sərgiləyən Avropa ölkələrinin aparıcı siyasətçiləri və mətbuat orqanlarının ikili standartları ilə üzləşib.
F.Sadıqov bildirib ki, bu gün Bakıda olan ictimai xadimlərin, siyasətçilərin, qonaqların Avropa Oyunlarının açılış mərasimini yüksək qiymətləndirməsinə baxmayaraq, "Euronews”-un bu tədbirə məhəl qoymaması telekanalı etibardan salır.