Azərbaycan I Avropa Oyunlarının açılış mərasimində möhtəşəm müasir tamaşa təşkil etdi. Bu barədə Trend-ə I Avropa Oyunlarının açılış mərasiminə münasibət bildirən Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.
Diplomat bildirib ki, tədbirdə ölkə tarixi yeni texnologiyalar vasitəsilə çox gözəl təqdim olundu.
V.Lastauskas azərbaycanlı və litvalı idmançılara yarışlarda əldə olunan medalların sayına görə 1-ci və 2-ci yerləri bölüşməyi arzu edib: "Bütün idmançılara yaxşı startlar və finişdə əla nəticələr arzu edirəm”.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze isə bildirib ki, Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi möhtəşəm idman hadisəsi oldu. Onun sözlərinə görə, rəngarəng şou və çox gözəl təşkilatçılıq Azərbaycanın inkişafının daha bir təsdiqi oldu: "Bakı-2015” birinci Avropa Oyunları növbəti Avropa Oyunlarının ev sahibi ölkələri üçün yüksək həddi müəyyənləşdirdi”.
Səfir qeyd edib ki, Avropanın 50 ölkəsinin yüksək səviyyəli nümayəndələrinin açılışa gəlməsi idman tədbirinin yüksək statusu faktını sübut edir: "Azərbaycanda böyük idman sahəsi təkcə avropalı idmançıları deyil, həm də qitənin bütün sakinlərini birləşdirdir”.