Türkiyə mediasında "Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimi geniş işıqlandırılıb. Trend-in məlumatına görə, NTV Spor kanalı Avropa Oyunlarının açılış mərasimini canlı olaraq türkiyəli tamaşaçılara çatdırıb. Kanalın rəsmi internet səhifəsində "Bakıda tarixi açılış” başlıqlı məqalə dərc olunub.
Qardaş ölkə ərazisində rəsmi yayımçı olan kanal həmçinin yarışlar və gündəlik icmalları təqdim edəcək.
Haberler.com portalında "Bakıda Avropa Oyunları üçün görkəmli açılış mərasimi” başlıqlı ətraflı yazı dərc olunub. Məqalədə 68 minlik möhtəşəm Bakı Olimpiya Stadionunda gerçəkləşən açılış şousu ilə bütün dünyanın heyrətləndiyi qeyd olunur.
Haberturk.com saytında "Bakıda Avropa Oyunları coşqusu” sərlövhəli geniş məqalə yerləşdirilib. 15 ölkə başçısı və ümumilikdə 40-a yaxın yüksək dövlət rəsmisinin iştirak etdiyi mərasimdə Azərbaycanla yanaşı, Avropa dəyərlərini də əks etdirən kompozisiyaların nümayiş olunduğu xüsusilə vurğulanır.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa oyunlarını açıq elan edib
Rusiyanın aparıcı KİV-nin dünən və bu gün əsas xəbəri Bakıda I Avropa oyunlarının açılış mərasimi və prezident Vladimir Putinin bu mərasimdə iştirakı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Rossiya Seqodnya" və TASS agentlikləri dünən mərasim başlayan andan etibarən onlayn reportajlar və xəbərlərlə Rusiya oxucularını "Bakı-2015” barədə xəbərlər çatdırıb.
TASS agentliyi "Azərbaycan prezidenti İlham Əliyev Avropa oyunlarını açıq elan edib" başlığı ilə dünən Avropa Oyunlarının açılış mərasimi xəbərini verib. Agentlikdə gedən məlumatda Bakı2015 Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın açılış mərasimində çıxışından sitatar da yer alıb.
Rusiyalı tamaşaçılar I Avropa Oyunlarının açılış mərasiminə "Rossiya 2" telekanalından canlı baxıblar. Soçi Qış Olimpiadasını da "Rossiya" telekanalında şərh edən Dmitri Quberniyev açılış mərasiminin yüksək səviyyədə keçirildiyini söyləyib.
Rusiyanın "Birinci" kanalında "Xəbərlər" (Novosti) proqramında açılış mərasimi barədə geniş reportaj yayımlanıb.
Rusiyanın "NTV" kanalı isə açılış mərasimini "Möhtəşəm teatrlaşdırılmış təqdimat" adlandırıb.
Açılış mərasiminin nümayişi bitdikdən sonra "vesti.ru" saytı "Facebook" sosial şəbəkəsindəki səhifəsində Olimpiya stadionundan atəşfəşanlığın əks olunduğu fotonu bölüşərək "Azərbaycan" haştagı ilə "Azərbaycanı möhtəşəm açılış mərasimi ilə təbrik edirik" statusu yazıb.
Rusiyanın informasiya agentlikləri, qəzetlər Avropa Oyunlarının açılış mərasimində yüksək səviyyəli qonaqların, dövlət və hökumət başçılarının, xüsusi ilə də Rusiya prezidenti Vladimir Putinin iştirakının manşet xəbər kimi verib.
Mərasimdə dünya ulduzu Lady Qaqanın iştirakı da Rusiya KİV-nin diqqət mərkəzində olub.
"Washington post”da I Avropa Oyunları ilə bağlı fotosessiya
Amerika Birləşmiş Ştatlarının "Washington post” qəzetində Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ilə bağlı fotosessiya verilib. Şəkilləri hazırda Azərbaycanda olan məhşur fotomüxbirlər David Ramos, Kril Kusryatsev, Sergey Dolzeko, Dan Mulan və Bernd Sissen çəkib.
Qeyd edək ki, adıçəkilən fotoqraflar dünyanın bir sıra irimiqyaslı tədbirlərində, o cümlədən olimpiadalarda fotomüxbir kimi iştirak ediblər.