Bu gün Azərbaycanın bir qrup gənclər təşkilatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçiriblər. Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, gənclər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin qarşısındakı aksiyada Avropa İttifaqının ölkmizə qarşı ikili siyasətinə etiraz ediblər. Aksiyada qeyd edilib ki, Avropa İttifaqı Azərbaycana qarşı ikili siyasət yürüdür, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir: "Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Avropa İttifaqı, Avropa Parlamenti bundan danışmır, əvəzində 2-3 məhbusun müdafiəsi ilə məşğuldur".
Gənclər aksiyada qeyd ediblər ki, Avropa İttifaqı, onun qurumları Avropa Oyunlarını siyasiləşdirirlər, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Aksiyada "Rədd olsun Martin Şults, yaşasın Azərbaycan!", "Avropa Parlamenti dağıtmağa yox, qurmağa xidmət et!", "Avropanın dostuyuq, bizi düşmən saymayın!", "Azərbaycanı sərbəst buraxın!", "Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?" "Rədd olsun neoimperialistlər" və digər şüarlar səsləndirilib.
Aksiyanın sonunda qətnamə qəbul edilib.