Azərbaycanlı idmançılar qarşıdan gələn I Avropa Oyunlarına səylə hazırlaşırlar. Bu barədə Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Siyana Vasilyeva deyib.
O bildirib ki, komanda bütün məsuliyyəti başa düşür: "Səylə hazırlaşırıq. Bu idmandır və dəqiq hansısa yerə ümid etdiyini söyləmək olmur. Buna baxmayaraq, yaxşı nəticələr göstərməyə və ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.
Azərbaycanlı gimnast Oleq Stepko da Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək nəticə göstərmək niyyətindədir. Gimnast bildirib ki, belə böyük yarışlara hazırlaşmaq asan məsələ deyil: "Belə böyük miqyaslı yarışlara ev sahibliyi edəndə məsuliyyət, həyəcan yükü daha çox olur və daha çox səy göstərmək lazım gəlir. Yarışlar başqa ölkədə keçiriləndə hazırlaşmaq və çıxış etmək daha asan olur. Öz doğma meydanında çıxış etmək, tamaşaçıların, dostların sənə azarkeşlik etməsi gözəl hissdir”.
O.Stepko test turnirində yaxşı nəticə göstərdiyini bildirib: "Oyunlarda mükəmməl şəkildə çıxış etməyə və yüksək nəticə əldə etməyə çalışacağam. Bu dəfəki seçim mərhələsində həmişə olduğu kimi 24 idmançı deyil, 18 idmançının iştirak etməsi müəyyən mənada üstünlükdür. Finala hər ölkədən 1 nəfər olmaqla 6 idmançı keçəcək. Ona görə finala düşmək çətin olacaq. Ancaq medal uğrunda mübarizə aparmaq ehtimalım çoxdur”.
Gimnast qeyd edib ki, çıxış proqramı bir az mürəkkəbləşdirilib: "Təəssüf ki, proqramı bundan da artıq mürəkkəbləşdirmək üçün vaxtımız çox az idi”.
O həmçinin tamaşaçıların dəstəyinə ümid etdiyini bildirib: "Alqışlayın, həvəsləndirin, qalan hər şeyi özümüz edəcəyik”.
Azərbaycanlı gimnast Marina Durunda isə bildirir ki tarixdə bir ilk olan Avropa Oyunlarında çıxış etmək istənilən idmançı üçün böyük şərəfdir. O, azərbaycanlı gimnastların çox məşq etdiyini bildirib: "İdman dünyasının əhəmiyyətli hadisəsi - I Avropa Oyunlarına çox məsuliyyətlə yanaşırıq. Tarixdə bir ilk olan belə böyük miqyaslı yarışlarda çıxış etmək istənilən idmançı üçün şərəfdir. Tamaşaçıları, Azərbaycan xalqını, Federasiyamızı və baş məşqçimizi sevindirmək üçün bacardığım və əlimdən gələni maksimum dərəcədə göstərməyə çalışacağam”.
M.Durunda qeyd edib ki, çıxışında hər elementi düzgün yerinə yetirməyə çalışacaq: "Çıxışımın yüksək səviyyədə olmasını istəyirəm. Bacardığının maksimumunu göstərəndə, maksimum şəkildə qiymətləndirilirsən. Ümid edirəm ki, hakimlər bizə qarşı mərhəmətli olacaq və biz yüksək nəticələrə imza ata biləcəyik. Bütün mövsüm bu hərəkətləri məşq etmişik, çıxışımızda düzəlişlər etmişik. Tamaşaçılarımızı təəccübləndirə biləcəyik”.