"Bakı Şərq, Avropa və müasirliyin bənzərsiz birləşməsidir. İyunun 12-dən 28-dək isə bütün dünyanın gözü Avropanın şərqindəki bu paytaxta dikiləcək-deyə məqalədə bildirilir.
Yazıda Bakının yüzilliklərlə keçmişi olan İçərşəhər abidəsi, eləcə də müasir memarlıq incisi Heydər Əliyev Mərkəzindən söz açılır. Qeyd olunur ki, klassik və modern üslubların qovuşması yalnız Bakının memarlığında deyil, çevik, hərəkətli və dinamik yaşam tərzində də sezilir.
Materialda qeyd olunur: "Dərin köklərə malik ənənələri və keçmişi ilə qürur duyan azərbaycanlılar, eyni zamanda gələcəyə də inamla baxırlar. Bakının ən modern və cəlbedici arxitektur tikililərindən biri olan Heydər Əliyev Mərkəzinin dizaynının da fəlsəfəsi budur”.
Məqalədə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin şərəfinə adlandırılan Mərkəzin elm, təhsil mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində bir çox layihələrə dəstək verdiyi bildirilir. Həmçinin, burada Azərbaycan xalqının ümummilli liderinə həsr olunan Heydər Əliyev Muzeyi və müxtəlif sərgilərin fəaliyyət göstərqdiyi qeyd olunur.
Oxuculara, həmçinin yarışlar müddətində Bakıda olduqları zaman paytaxtda baş çəkə biləcəkləri tarixi memarlıq abidələri, sərgilər və digər tədbirlər barədə məlumat da verilir.