Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda keçiləcək I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, flaşmob paytaxtın M. Qorki adına Mərkəzi Mədəniyyətlər Parkında baş tutub.
RAGB fəalları suvenir və xatirə hədiyyələrini, şar, qolbağ, üzərində "Bakı-2015" loqotipi olan gödəkcə, qələm və broşürları parkda istirahət edən paytaxt sakinlərinə paylayıblar. Onlar moskvalılara Bakıda tikilən olimpiya obyektləri, bütün Azərbaycanı diyar-diyar gəzən Avropa oyunları məşəli haqqında məlumat veriblər.