Daxili İşlər Nazirliyi (DİN) I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək tamaşaçılara özləri ilə hansı sənədləri götürmələri və hansı əşyalardan istifadədən imtina etmələrinə dair tövsiyələr verib.
Trend xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev İTV-yə açıqlamasında deyib ki, ilk Avropa Oyunları zamanı tamaşaçıların, eləcə də iştirakçıların təhlükəsizlyinin təmin edilməsi məqsədi ilə biletlə yanaşı şəxsiyyət vəsiqələrini də gətirməlidirlər. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən toplaşmaları tövsiyə olunur: "Tamaşaçılar "ekspress” avtobuslarına minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq. Sonra həmin tamaşaçılar turniketlərdən keçəcəklər, bu zaman onlar əllərində olan bileti və şəxsiyyət vəsiqələrini turniketin üzərində olan xüsusi yerə yaxınlaşdıraraq içəri daxil ola biləcəklər. Sonra tamaşaçılar xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar”.
Ə.Baqişev tamaşaçılara qadağan olunmuş əşyaları özləri ilə götürməməyi məsləhət görüb: "Bunlar əsasən partlayıcı, tezalışan maddələr, priotexniki məhsullar, kəsici-deşici alətlər, şüşə qablarda olan hər hansı maye, iri həcmli çantalar və irihəcmli digər əşyalar stadiona buraxılmayacaq. Qadağan olunmuş əşyaların siyahısı tamaşaçılara satılan biletlərə qoşma şəkildə əlavə olunub”.