Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı dinindən asılı olmayaraq ibadət etmək istəyən idmançılar və digər iştirakçılar üçün qaldıqları yerdə müvafiq şərait yaradılacaq. APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, iştirakçıların məscidə (və ya kilsəyə, sinaqoqa) getməsinin vaxt baxımından imkansız olduğunu nəzərə alaraq onların qaldıqları yerdə ibadət etmələri üçün şərait yaradılacaq: "Bu, dinindən asılı olmayaraq hər kəsə aiddir. Amma turistlərin vaxt imkanı olduğu üçün onlar rahat şəkildə məscidlərə, sinaqoqlara və yaxud kilsələrə gedə bilərlər”.