Müqaviləyə əsasən, birinci Avropa Oyunları Rusiyada 53 milyon evdə yayımlanacaq.
"Rossiya 2” (ödənişsiz yayım), "Sport”, "Sport-1” və "Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rusiyalı tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb-səhifəsi - vesti.ru və sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.
"Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq birinci Avropa Oyunlarının "Rossiya” televiziya kanalı ilə yayımlanması barədə razılığın əldə edilməsindən məmnun olduğunu bildirib: "Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin idman ictimaiyyəti də "Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində bütün platformalar üzrə geniş yayımdan zövq alacaq”.