Monitorinq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sifarişinə əsasən ABŞ-ın bu sahədə ixtisaslaşmış "Global Wireless Solutions” şirkəti tərəfindən həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Birinci Avropa Oyunlarının rabitə xidmətləri ilə təminatına dair RYTN-də keçirilən geniş toplantıda çıxış edən "Global Wireless Solutions” şirkətinin nümayəndəsi Azərbaycanın mobil rabitə şəbəkələrində aparılan test-monitorinq işlərinin nəticələri barədə məlumat verib. Test işlərinin aparılmasına aprel ayının əvvəlindən başlanaraq may ayının 14-dək davam etdirilib. Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işlərinə əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, birgə şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülüb və yekun hesabat hazırlanıb. Nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Səs mübadiləsi üzrə əldə olunan məlumatlar beynəlxalq səviyyə ilə müqayisə olunub və müəyyənləşdirilib ki, operatorların bu imkanları orta hesabla 98 faiz, şəbəkənin etibarlılığı isə 96 faiz təmin edilib. Bakıda və Mingəçevir şəhərində şəbəkəyə çıxış imkanı və şəbəkənin etibarlılığı məqbul səviyyədədir. Test işləri zamanı sinxron səs, məlumatların yüklənməsi, şəbəkənin gücü üzrə də yoxlamalar aparılıb və nəticə operatorlar üzrə müqayisə olunub. Bununla belə, "Azercell”, "Bakcell” və "Nar” mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib. Belə ki, "Gəzinti testi” (Walk Test), "Nəqliyyat testi” (İn-Vehicle) və "Qapalı məkan testi” (İnBuildinq Test) zamanı şəbəkədəki mövcud səs, məlumat ötürmə, danışıqlardakı kəsintilər, zənglərin çağrı müddətləri, əhatə dairəsi, keyfiyyət göstəriciləri və s. üzrə bir sıra çatışmazlıqlar qeydə alınıb.
Monitorinqin nəticələri hər üç mobil operatorun nümayəndələrinin iştirakı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində geniş müzakirə edilib, hesabatda qeyd olunan texniki problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar verilib.