Bölmə rəisi qeyd edib ki, mayın 29-da səhər saat 08:00-dan saat 17:10-dək olan məlumata görə, Mərkəzi Məlumat Xidmətinin (MMX) nəzarət kameraları tərəfindən Bakı şəhəri ərazisində rəsmi icazəsi olmadan "Oyunlar zolağı” üzrə hərəkət edən 624 avtomobilin sürücüsü barəsində elektron qaydada inzibati protokol tərtib edilib. Qeydə alınan qayda pozuntuları sənədləşdirilir və sürücülərin ünvanlarına göndərilir.
Onun sözlərinə görə, mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxması qadağandır: "Bir daha xatırladırıq ki, bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunurlar. Əgər "Oyunlar zolağı" digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 80 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnirlər”.