Azərbaycanın nüfuzlu hüquq müdafiə təşkilatlarının təşəbbüsü və tanınmış Trend Beynəlxalq İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.
Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiə təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər.
Azərbaycana qarşı qarayaxma kampaniyası güclənir
"İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzundan xəbər verir. İlk Avropa Oyunlarına müsəlman dövlətinin ev sahibliyi etməsi Azərbaycanın nüfuzu deməkdir”. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi icmalçı Arzu Nağıyev bildirib.
A.Nağıyevin sözlərinə görə, təbii ki, ölkəmizə bu cür etimadın göstərilməsi bəzi beynəlxalq dairələri narahat etməyə bilməzdi: "Bu baxımdan da ilk Avropa Oyunları yaxınlaşdıqca, ölkəmizə qarşı qarayaxma kampaniyası, bu Oyunları gözdən salmaq cəhdləri güclənir. Əlbəttə bu gözlənilən idi. Lakin bütün qarayaxma cəhdlərinə baxmayaraq 49 dövlətin 6 mindən çox idmançısı, 100 minlərlə turist, 10 minlərlə könüllü bu yarışlara qatılmaq üçün öz razılığını verib”.
A.Nağıyev vurğulayıb ki, Azərbaycana qarşı qarayaxma aparan dairələrin ölkəmizdə guya insan hüquqlarının, söz azadlığının pozulmasını gündəmə gətirməsi sadəcə bir bəhanədir: "Azərbaycanda artıq çoxdan azad cəmiyyət formalaşıb, azad mətbuatın fəaliyyəti təmin edilib. Ölkədə çoxlu sayda mətbuat qurumları sərbəst şəkildə fəaliyyət göstərir, internetə, o cümlədən sosial şəbəkələrə çıxış heç bir məhdudiyyət olmadan təmin edilib. Belə olan halda Azərbaycanı bu arqumentlərlə ittiham etmək tamamilə əsassızdır”.
A.Nağıyev bildirib ki, hər zamankı kimi, bu dəfə də bu səylərin heç bir nəticəsi olmayacaq: "Çünki Azərbaycan müstəqil və güclü dövlətdir və bu cür absurd ittihamlarla ölkəni nəyəsə təhrik etmək mümkünsüzdür”.
A.Nağıyev qeyd edib ki, London Olimpiadasından əvvəl də 4 minə yaxın şikayət məktubu daxil olmuşdu, müxtəlif mitinqlər və etiraz aksiyaları təşkil edilirdi: "Lakin bütün bunlara baxmayaraq, Olimpiada Oyunları yüksək səviyyədə baş tutdu”.
İlk Avropa Oyunlarının ölkəmiz üçün faydalarından danışan A.Nağıyev vurğulayıb ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları çox genişmiqyaslı və beynəlxalq əhəmiyyətli bir tədbirdir. Onun sözlərinə görə, bu, hər şeydən əvvəl ölkənin nüfuzudur, beynəlxalq aləmdə daha da tanınmasıdır. A.Nağıyev həmçinin dünyada bu cür böyük tədbirlərin ölkələr üçün faydalarından da nümunə gətirib: "Barselona şəhəri 1992-ci ilə qədər, yəni Yay Olimpiya Oyunlarına ev sahibliyi edənə qədər bir o qədər tanınmırdı. Lakin oyunlardan sonra Barselona dünyanın böyük idman mərkəzinə çevrildi, artıq dünyanın ən bahalı idman klublarının yerləşdiriyi bir yerdir”.
Avropa Oyunları Azərbaycanla bağlı bir çox mifləri dağıdacaq
Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondunun sədri Murad Sadəddinov isə bildirib ki, bu gün müzakirə etdiyimiz məsələ nəinki burada əyləşən hüquq müdafiəçiləri, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçün vacibdir: "Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına artıq az vaxt qalıb və bununla bağlı çox ciddi hazırlıq işləri aparılır".
M.Sadəddinov deyib ki, Avropa Oyunlarından fürsət kimi istifadə edərək Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirilir: "Bu torpaqda biz anadan olmuşuq, biz yaşayırıq və bu ölkənin bütün problemləri bizim problemlərimizdir. Bu gün şəxsən məni narahat edən bir məsələ var. Birinci Avropa Oyunları ilə bağlı tənqidi fikirlər söylənilir və bu tənqidi fikirlərin əksəriyyəti Azərbaycanda insan haqlarının pozulması ilə bağlıdır. Bu sahə bizim fəaliyyət sahəmizlə bağlı olduğu üçün məndə bir narahatlıq yaranıb. Əlbəttə, bu sahədə müəyyən problemlər var və biz də bu problemlərin üzərində daim işləyirik. Lazım gələndə beynəlxalq təşkilatların da imkanlarından istifadə etmişik, dövlət qurumları ilə münasibətlər qurmuşuq, müraciətlər etmişik, bu sahədə naliyyətlər əldə etmişik və edirik. Bəzən xaricdən olan müxtəlif tənqidlər bizim işimizə ziyan da gətirir".
Hüquq müdafiəçisi deyib ki, ilk Avropa Oyunları ilə Azərbaycanda tarix yazılacaq: "Xristian Avropası öz ilk Avropa Oyunlarını müsəlman Azərbaycana həvalə edib. Bu gündən sonra Avropa Oyunları harada keçiriləcəksə, bu Oyunların məşəli bizim atəşkəsdən alovlandırılıb aparılacaq. Yəni bu, Azərbaycan üçün tarixi bir məsələdir".
M.Sadəddinov Azərbaycana qarşı qarayaxma kampaniyasına cavab olaraq daha sonra deyib: "20 Yanvar hadisəsindən sonra Azərbaycanın ədalətli səsini dünyaya çatdıra bilmirdik. Biz heç kimə deyə bilmirdik ki, gəlib bizi tanklarla qırıb getdilər. Heç kəs buna inanmırdı. 92-ci ildə torpaqlarımız gedəndə biz öz ədalətli səsimizi heç kimə çatdıra bilmirdik. Onda biz əfəl olanda Azərbaycan yaxşı ölkə idi, heç kimin işi yox idi, amma Azərbaycan öz mövqeyini beynəlxalq aləmdə ortaya qoyanda, bir çox beynəlxalq güclərlə razılaşmayanda, artıq Azərbaycana qarşı müxtəlif yollardan istifadə etməyə başlayırlar".
Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan üçün yaxşı bir qlobal PR layihəsidir: "Bəzi adamlar ki, bizim bədnam qonşularımızın köməyi ilə Azərbaycanı tənqid edirlər, azərbaycanlıları vəhşi insanlar kimi göstərirlər ki, Qarabağı bizdən ayırsınlar. Onlar buna kifayət qədər pul xərcləyiblər. Onlar istəmirlər ki, yaratdıqları mif dağılsın. Avropa Oyunları Azərbaycanla bağlı bir çox mifləri dağıdacaq. İnsanlar gəlib baxacaq, reallıqları görəcəklər".
Birinci Avropa Oyunları ölkənin imici, gələcəyi üçün vacibdir
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə qeyd edib ki, birinci Avropa Oyunları ölkənin imici, gələcəyi üçün vacibdir: "Bunlar hamısı gələcək nəsillərə qalacaq. Düşünürəm ki, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilməsi ənənəsi də bizə qalacaq. Görürsünüz, beynəlxalq maliyyə institutları böyük tədbirlərini ölkəmizdə keçirir. Həm hökumət, həm ictimaiyyət, həm də vətəndaş cəmiyyəti elə etməlidir ki, ölkənin imici daha da artsın".
M.Qəhrəmanlı deyib ki, Azərbaycan kiçik bir ölkədir: "Azərbaycanın imicini də, dövlətçiliyini də qorumaq hər bir vətəndaşın borcudur, amma bu məsələdə biz vətəndaş cəmiyyətinin çiyninə daha böyük yük düşür".
Hüquq müdafiəçisi daha sonra əlavə edib: "Birinci Avropa Oyunları ilə bağlı qərar qəbul olundu, tikintilər başladı. Nə qədər insan işlə təmin olundu. Azərbaycana gələn turistlər Azərbaycan üçün gələcəkdə nə isə edə bilərlər. Düzdür, insan hüquqları sahəsində müəyyən problemlər var, amma Oyunları boykot etməklə, hökumətə təzyiq etməklə bu problemləri həll etmək qeyri-mümkündür. Düşünürəm ki, bu Oyunlar keçirilməlidir. Tikinti işləri daha da inkişaf etdirilməlidir. Çünki qarşıda başqa idman oyunları olacaq. "Eurovision" üçün yeni obyekt tikildi, indi görürsünüz ki, başqa məqsədlər üçün də istifadə olunur, hotellərdən istifadə olunur, Azərbaycanı çoxlu turistlər tanıdı. Avropa Oyunları üçün tikilən obyektlər də Azərbaycana qalacaq. Sadəcə, elə təşkil etmək lazımdır ki, əhali buna görə sevinsin, ondan nəsə götürsün".
Azərbaycanın Avropa Oyunları kimi böyük bayramını korlamaq olmaz
"Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov bildirib ki, Avropa Oyunlarını Bakıda keçirməkdən əsas gəlirimiz Azərbaycanı tanıtmaq, onu bütün dünyada reklam etmək olacaq.
Hüquq müdafiəçisi Azərbnaycan xalqını bu oyunları dəstəkləməyə çağırıb: "Mən çox istərdim ki, biz bir insan kimi dövlətimizin bu böyük idman oyunlarının keçirilməsinə öz dəstəyimizi verək. Biz buna çox sevinməliyik. Hamımızın yadındadır ki, ötən əsrin 80-ci illərində olimpiadaların boykotu nəyə gətirib çıxardı. Raketlər bir-birinə qarşı dayandı. 80-ci illərin ortalarından sonra böyük konfrontasiya, silahlanma getdi, nəticədə də SSRİ-nin buna iqtisadi gücü çatmadı, sonda dağıldı, süquta uğradı. Ona görə də I Avropa Oyunlarının Bakıda keçirilməsi çox böyük hadisədir və biz bunu müdafiə edirik”.
İ.Qasımovun sözlərinə görə, ölkədə hüquq müdafiəçiləri 3 yerə bölünüb. Onlardan bir qismi bəzi məsələləri qabartmaqla Azərbaycanda Avropa Oyunları kimi böyük bayramı korlamaq istəyir: "Yalnız iqtidarı müdafiə edənlər var ki, onlara beynəlxalq təşkilatlar qulaq asmır. Müxalifətdə dayanıb dövlətin yaxşı işində də - ağa qara deyənlər var ki, onların əksəriyyəti ya respublikada yoxdur, ya da həbsxanadadırlar. Eyni zamanda, bizim kimi 3-cü, ağa ağ, qaraya qara deyən, həmçinin nöqsanları göstərən və bu yöndə hökumətlə dialoqa gedən hüquq müdafiəçiləri də var. Bura yığılan insanlar məhz sonuncuları təmsil edir. Bəzi psevdovətənpərvərlər var ki, Avropa Oyunlarına çəkilən xərcləri şişirdirlər. Məncə, bu məsələdə təkcə Azərbaycanın maddi gəlirini düşünmək lazım deyil. Əsas gəlirimiz Azərbaycanı tanıtmaq, onu bütün dünyada reklam etmək olacaq. İdman oyunlarının keçirilməsində maddi ilə yanaşı, işin mənəvi tərəfi, ölkənin tanıtdırılması məsələləri də var. Burada oturanlardan 3 nəfəri məhz insanların həbsdən azad olunmasına, cəzalarının azaldılmasına çalışan insanlardır. Hesab edirəm ki, hökumətlə dialoqa getmək, eyni zamanda, Avropaya, dünya ictimiayyətinə və Azərbaycanı gözü götürməyən bəzi beynəlxalq təşkilatlara mesaj vermək lazımdır ki, problemlər olsa da, onların həlli istiqamətində işlər də gedir. Buna görə Azərbaycanın Avropa Oyunları kimi böyük bayramını korlamaq olmaz”.
Onun fikrincə, Azərbaycan hökuməti bu Oyunlara qədər bütün işlərini məntiqi ardıcıllıqla görüb: "Məsələn, Milli Stadion təkcə Avropa Oyunlarına görə tikilməyib. Bu Oyunlara ev sahibliyi hüququ Azərbaycana veriləndə artıq stadionun təməli qoyulmuşdu. Atletlər kəndi də indi tikilməyib. O binalar 4-5 ildir ki, hazırdır. Əsas məqsəd Azərbaycanda Olimpiya Oyunlarını keçirtmək idi. Hesab edirəm ki, Avropa və İslam oyunlarından sonra Azərbaycanda daha böyük idman oyunları, həmçinin olimpiada keçiriləcək. O vaxt isə həmin oyunların keçirilməsi bizə daha ucuz başa gələcək”.
Azərbaycan "zəif bənd"dən güclü dövlətə çevrilib
Azərbaycan inkişaf etdikcə bəzilərinin gözü bunu götürmür. Çünki güclü Azərbaycan bu bölgədə heç kimə lazım deyil. Azərbaycan həm Rusiya, həm İran, həm də Avropa ölkələrinə boru kəməri üçün lazımdır. Onlara "zəif bənd” lazımdır ki, bu bənddən istifadə etsinlər, Azərbaycan məhsulları ən ucuz şərtlərlə Avropa bazarlarına getsin. Lakin Azərbaycanda son 15 ildə aparılan siyasət ona gətirib çıxarıb ki, ölkə özünü "zəif bənd” obrazından çıxarıb güclü dövlətə çevirə bilib. Bunu "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan keçmiş SSRİ ölkələri içərisində ən çətin vəziyyətdə qala biləcəyi halda ən uduşlu vəziyyətdədir: "Azərbaycan elə bir bölgədədir ki, biz ən pis vəziyyətdə olmalıydıq. Lakin bu gün Azərbaycan ən uğurlu vəziyyətdədir. Biz Ukrayna, Gürcüstan deyilik. Torpaqlarımızı itirməyimizə baxmayaraq, onları geri qaytarmaq perspektivi daha çoxdur. Bu, həm Heydər Əliyevin uğurlu siyasəti, həm Azərbaycan xalqının kifayət qədər səbrli olması, həm də Azərbaycanın hadisələrə müəyyən qədər ayıq gözlə yanaşması ilə bağlıdır”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti sadəcə onunla zor gücü ilə danışılmasını xoşlamır: "Hökumət elə islahatlar aparır ki, onlar bizim ağlımıza gəlməyə də bilərdi. Doğrudan da, hökumətin apardığı islahatlar danılmazdır və Avropa da bunu müsbət dəyərləndirir. Mən vaxtilə 1961-ci ildə Brüsselin meri işləmiş adamla görüşdüm. O, çox maraqlı bir söz dedi. Ondan sonra mən Azərbaycanda olan bütün yenilikləri onun sözü ilə ölçüb-biçirəm. O dedi ki, biz Brüsselə Avropanı gətirmək üçün şəhərin 40 faizini məhv elədik. Avropa institutları üçün orada binalar tikdik. Çünki biz modernləşmək istəyirdik. Biz istəyirdik ki, bizim şəhərimiz gözəlləşsin. Baxın, Avropanın göbəyində olan bir ölkə istəyir ki, Avropada olsun. Bizim də dövlətimiz, millətimiz bu müasirlik üçün müəyyən ödənişlər etməliydi. O ödənişlər kiminsə əsəbləri, kiminsə qanunsuz tikdiyi villalar, oğurladığı pullar oldu. Sən demə, bunu ödəmək lazım imiş. Amma bizdən 40-60 il əvvəl bu təcrübəni keçən insanlar, ölkələr var. Ona görə də Azərbaycan bütün bu proseslərdən kənarda qala bilməzdi. Azərbaycan lap əvvəldən elan edib ki, istiqaməti Avropadır. Ola bilsin ki, bizim siyasi dairələrimiz, mətbuatımız, insanlarımız bunu olduğu kimi dəyərləndirə bilmir. Azərbaycan Avropa xəttini heç vaxt unutmayıb. Hətta ən çətin anlarında belə, Avropa institutları ilə ciddi problemləri olan vaxtlarda da. Avropa institutları ölkəni tənqid edirlər. Azərbaycan Avropaya öz qazını və elektrik enerjisini satır. Mən bunu Brüsseldə Avropa komissarları ilə də müzakirə etmişəm. Demişəm ki, Azərbaycanın bu ismarıclarını dəyərləndirin”.
Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanın inkişaf modeli postsovet ölkələri üçün yeganə modeldir: "Biz təzəlikcə iqtisadiyyatımızı yüksəltmişik. Ukrayna, Gürcütsan, Moldovaya gedin, onların bölgələrini gəzin, sonra Azərbaycanın bölgələrini gəzin. Görəcəksiniz ki, Azərbaycanda yenilənməmiş ev yoxdur. Prezident İlham Əliyev stabillik və iqtisadi inkişaf deyəndə, məncə, məhz bunu nəzərdə tuturdu ki, insanlar yaşayış səviyyəsini artırsınlar. Avropanın heç bir ölkəsində insanları siyasət maraqlandırmır. Heç bir amerikalı üçün ABŞ-ın prezidenti, vitse-prezidenti, senatorunun kim olduğu maraqlı deyil. Əsas odur ki, ölkədə islahatlar, inkişaf olsun. Məncə İlham Əliyevin bütün uzunmüddətli siyasətinin hamısı buna yönəlib. Çünki Azərbaycan kimi ölkələrdə, xüsusən, postsovet ölkələrində siyasət stabil deyil, insanlar stabil siyasətə öyrəşməyiblər. Rumıniya, Moldova, Makedoniya kimi ölkələrə baxın. Onlar hələ bu mərhələni keçəcəklər. Ukraynada vəziyyət aydındır. Baxmayaraq ki, Qazaxıstanda Nazarbayev uzunömürlü siyasətçidir, amma orada da vəziyyət stabil deyil. Bu cür ölkələrdə siyasət heç vaxt stabil olmur. Çünki bunun üçün 60-70 il vaxt lazımdır. Çünki biz sovet ideologiyası baqajından çıxa bilmirik. Biz ondan azad olmalıyıq. Bundan sonra gələn istənilən siyasətçinin də məqsədi o olacaq ki, ölkənin iqtisadiyyatını qaldırsın, vətəndaşların rifah halını yüksəltsin. Bu, postsovet ölkələri üçün yeganə modeldir. Saakaşvili modeli sıçrayış üçün böyük model idi, ancaq bu, Gürcüstanı xilas etmədi. Gürcüstanın daha stabil prezidenti olsaydı, başqa cür olardı. Saakaşvili 3 günlük müharibə ilə Gürcüstanı məhv elədi. Bizim isə 90-cı illərdəki vəziyyətimizlə indiki vəziyyətimiz arasında böyük fərq var. Biz indi bütün dünya ilə üz-üzə gəlmişik”.
İmkan vermərik ki, burada qarşıdurma yaratsınlar
Azərbaycan İnsan Haqları Mərkəzinin sədri Zaliha Tahirova isə bildirib ki, Avropa Oyunları zamanı bütün dünya Azərbaycan həqiqətlərini öz gözləri ilə görəcək.
Onun fikrincə, Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycana öz həqiqətlərini bütün dünyaya çatdırmağa, özünü tanıtmağa imkan verəcək: "Ötən əsrin 90-cı illərində biz aləmə car çəkirdik ki, gəlin, baxın, görün ki, Azərbaycan sivil respublikadır. İndi elə bir imkan yaranıb ki, Avropa Oyunları zamanı bütün millətlər bura gələcək. Bakıda "Eurovision" mahnı yarışması keçiriləndə də gəlmişdilər. İndi bütün dünya gəlib Azərbaycan həqiqətlərini öz gözləri ilə görəcək. Siyasətçilər, ölkə başçıları, jurnalistlər, biznesmenlər gəlib burada olanları yaxından görəcəklər. Düzdür, hər bir insanın gəlişinin öz motivi var, onlar elə-belə gəlmirlər. Gəlsinlər, baxsınlar, iştirak etsinlər, reallıqla üzləşib görsünlər ki, burada vəziyyət necədir. Bu, çox gözəl imkandır. Burada Oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb. Azərbaycana qara yaxanların məqsədləri isə tamam başqadır. Başqadırsa, elə orada da qalsınlar, onlar bizə lazım deyillər. Biz bu respublikanın vətəndaşlarıyıq və imkan vermərik ki, burada qarşıdurma yaratsınlar. Mən Avropa Oyunları proseslərini, bu istiqamətdə görülən bütün işləri dəstəkləyirəm. Bu şəraiti yaratdığına görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.
Müraciət
"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub.
Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin ilk Avropa Oyunları ilə bağlı keçirdiyi "dəyirmi masa"nın iştirakçıları bu tədbirin ölkəmiz üçün əhəmiyyətli bir hadisə olduğunu dəyərləndiriblər.
Müraciət müəllifləri dünya miqyaslı hadisə – ilk Avropa Oyunlarına qarşı beynəlxalq səviyyədə başlanan qarayaxma kampaniyasına baxmayaraq, bu tədbirin reallaşması üçün Azərbaycanın öz səylərini azaltmadığını qeyd ediblər: "Avropa Oyunları bir neçə gündən sonra reallaşacaq və bu oyunların keçirilməsi Azərbaycan üçün geniş təbliğat imkanları yaradacaq".
Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu yana ölkədə insan haqları, söz azadlığı və dövlətçiliyin möhkəmlənməsində öz töhfəsini vermiş aparıcı hüquq müdafiəçiləri ilk Avropa Oyunlarına qarşı təşkil edilmiş hücumları müzakirə edərək bəyan ediblər ki, Oyunların keçirilməsinin ölkədə insan haqları sahəsində mövcud problemlərlə əlaqələndirilməsi cəhdi qəbuledilməzdir: "Təəssüf ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini boykot etmək məqsədilə edilən təşəbbüslər uğursuzluğa məruz qaldıqdan sonra müxtəlif beynəlxalq dairələrdə Azərbaycana qarşı insan haqlarının pozulmasını əsas gətirməklə bundan vasitə kimi öz maraqları naminə istifadə edirlər".
Müraciətdə hüquq müdafiəçiləri bildiriblər: "Azərbaycanda insan haqlarının qorunması ilə məşğul olan təşkilatların rəhbərləri kimi bu problemləri hər zaman səsləndirmişik, onların həll olunması üçün dövlət strukturlarına tənqid və təkliflərimizi ünvanlamaqla bu problemlərin həllində öz tövhəmizi verməyə çalışmışıq. Məhz hüquq müdafiəçilərinin daim bu məsələlərin dialoq yolu ilə həlli istiqamətində səyləri qarşıya qoyulmuş məqsədlərə nail olunmasına ciddi təsir edib.
Təcrübəmizdən irəli gələrək bilirik ki, Azərbaycana qarşı bu kampaniya ümumilikdə problemləri dialoq yolu ilə həll etməklə nəticələr əldə etmiş hüquq müdafiəçilərinin fəaliyyətinin effektivliyinə ciddi zərbə vurur. Bu boykot kampaniyası heç də insan haqları ilə bağlı islahatların aparılmasına yönəlməyib, əskinə onları ilk Avropa Oyunları ilə əlaqəli şəkildə səsləndirməklə Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmasına yol açır. Hesab edirik ki, ölkədə insan haqları ilə bağlı məsələlərin ilk Avropa Oyunları ilə əlaqələndirilməsi onların həll olunmasında ciddi dəyişikliklərə gətirib çıxarmayacaq.