Dağlar qoynunda yerləşən Hamarat Lerik rayonunun ən ucqar kəndidir. Buranın füsunkar təbiəti, təmiz havası, min bir nemət bitirən bərəkətli torpaqları adamı heyran edir. Camaatı əkin əkir, mal-qara saxlayır, halal zəhmətlə özünə yaxış güzəran qura bilir. Bir balaca dövlət tərəfindən kəndə qayğı olsa, burada yaşamaq çox rahatdır.
Doğrudur, kənddə sovetdən qalma bir sıra problemlər qalmaqdadır. Bunlar arasında heç yerdən kəndə avtobus marşrutunun olmaması hamaratlıları sözün əsl mənasında daha çox narahat edir. Bundan istifadə edən ara sürücülər isə camaatın başına oyun açır.
Piran-Hamarat yolunun uzunluğu 17 kilometrdir. Dövlət tərəfindən bu yol yenidən qurulub, asfalt döşənib. İndi burada hərəkət çox rahatdır. Vaxtilə 2 saata gedilən yolu hazırda 30 dəqiqəyə qət etmək olur. Lakin özbaşına marşruta çıxan ara sürücülər bu qısa yol üçün adambaşına hər gediş-gəlişə görə 10 manat “yol pulu” alırlar. Özü də dövlətə vergi ödəmədən, heç kimdən çəkinmədən, qorxmadan bu naqisliyi edirlər. Daha çox kəndin yaşlı adamları bundan əziyyət çəkir. Ən əsası, başqa işlər hələ bir yana qalsın, onlar Piran kəndinə düşüb vaxtında bankomatdan pensiyalarını çıxara bilmirlər. Kəndə qonaq gələndə isə daha böyük rüsvayçılıq olur.
Artıq onların özbaşınalığına son qoymağın vaxtı çatıb. Dövlət yolu xalqın rahatlığı üçün çəkib. O ayrı-ayrı adamlardan ötrü gəlir mənbəyi olmamalıdır. O da ayrı söhbətdir ki, vəziyyətdən istifadə edib sərnişindən 1manat əvəzinə 10 manat almaq insafa sığmayan bir işdir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü