Azər Həsrət: “Reklam işi ilə məşğul olanların əksəriyyəti bu sahənin qeyri-peşəkarıdır və ya dil baxımından savadsızdırlar”
Bu gün paytaxtın hər yerində elan və reklamlar olan tablolar asılıb. Hətta avtobusların içərisində də elan və reklamlara rast gəlmək mümkündür. Əslində, reklamlar və elanlar hər kəsin maraq dairəsindədir. Belə ki, nəinki öz həmvətənlərimiz, eləcə də əcnəbilər də elan və reklamları maraqla qarşılayırlar və oxumağa çalışırlar.
Ümumiyyətlə, reklamlar hər hansı məhsulu almaqda insanlara təsir edən məlumatlandırma vasitəsidir. Ona görə də qanun çərçivəsində reklam üçün hər bir vasitədən istifadə edilə bilər. Lakin bu gün reklam və elanlarda ciddi problemlər var. Xüsusilə də ana dilində yazılan elan və reklamlarda ana dilinin qaydaları pozulur. Bu isə birbaşa dilimizə olan hörmətsizlikdir
Bu günlərdə Bakıda “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfrans keçirilib. Konfransda iştirak edən AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu qeyd edib ki, dil xalqın varlığıdır, ən böyük milli sərvətidir, bizim dilimiz dünyanın öndə gedən, qədim, ən zəngin dillərindən biridir: “Təəssüf ki, ana dilini bəyənməyənlər, öz dilində danışanlara xor baxanlar var. Reklamlarda ana dilini kobud şəkildə pozurlar. Dil çox böyük dəyərdir, sərvətdir, hamımız bunu qorumalıyıq".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, reklamlarda ana dilinə qarşı böyük hörmətsizlik nümayiş olunur: “Bu daha çox bəzi telekanallarda və yazılı mediada rast gəlinir. Bu barədə mən iradımı aidiyyəti şəxslərə çatdırmışam. Onların isə cavabı belə olub ki, reklam mətninə görə məsuliyyət daşımırlar. Bu işlə məşğul olanlar elə etməlidirlər ki. reklam savadlı formada ictimaiyyətə təqdim olunsun”.
Həmsöhbətimiziin sözlərinə görə, reklam işi ilə məşğul olanların əksəriyyəti bu sahənin qeyri-peşəkarıdır və ya dil baxımından savadsızdırlar: “Bu sahədə çalışanlar yetərincə Azərbaycan dilini bilmədikləri üçün bu gün reklam mətnlərində qüsurlar aşkar olunur. Əsasən vaxtilə texniki işlərlə məşğul olan şəxslər bu gün reklam sahəsində çalışmağa başlayırlar. Həmçinin, əcnəbi dilində danışan insan doğma dilimizdə normal mətn tərtib edə bilmir. Bu səbəbdən reklam mətnlərində problem yaranır”.
A.Həsrət hesab edir ki, reklamda səhv olarsa, həmin reklamı verən şirkət və ya qurum müəyyən məbləğdə cəzalandırılmalıdır: “Bir reklamda səhv aşkar olunarsa, həmin şirkət 1000-10000 manat dəyərində cəzalandırılmalıdır. Maliyyə cəriməsini ödəyən reklam şirkəti məcbur olub mütəxəssislə çalışacaq”.
Günel CƏLİLOVA