2026-cı ilin ilk günlərində ölkə üzrə minlərlə vətəndaş smart qaz sayğaclarına vəsait yükləməkdə ciddi problemlə üzləşib. Son iki gün ərzində 104 Çağrı Mərkəzinə 14 mindən artıq müraciət daxil olub. Bildirilir ki, 50 mindən çox abonentin ödədiyi vəsait sistemdə əks olunmur, hazırda isə heç bir ödəniş terminalı "Azəriqaz" İB-nin smart kartlarını tanımır.
Ölkə üzrə 470 mindən artıq aktiv smart qaz sayğacı istifadə olunur və yaranmış texniki nasazlıq kütləvi narazılığa səbəb olub. Problemin səbəbi və həlli ilə bağlı "Azəriqaz" İB tərəfindən indiyədək rəsmi açıqlama verilməyib.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Facebook hesabında paylaşdığı məlumatda böhranın əsas səbəblərindən biri kimi "Azəriqaz" İB-də kadr siyasətini və texniki nəzarətsizliyi göstərib. Onun sözlərinə görə, təcrübəli metrologiya mühəndislərinin işdən uzaqlaşdırılması nəticəsində minlərlə sayğac ya qaz verilişini dayandırır, ya da sərfiyyatı qeydə almır.
Qeyd edək ki, Mirvari Qəhrəmanlı paylaşımında "Azəriqaz" İB-nin əhali üçün yeni “sayğac əməliyyatı” hazırladığını da iddia edib.
Akif NƏSİRLİ