"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi davam etdirilib.
Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə ekspert Nəzakət Qazıyeva ekspert rəyini yazılı şəkildə məhkəməyə təqdim edərək nəticə hissəsini elan edib.
Ekspert videodakı sözlərin kəskin neqativ qiymətləndirildiyini təhqir deyil, tənqid kimi dəyərləndirilməli olduğunu bildirib.
Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov təqdim edilən rəyə etiraz edib.
Eyni zamanda, vəkil rəyin qərəzli olduğunu məhkəməyə bildirib:
“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru 2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti, Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında əlaqə olub. Vəkil buna etiraz edib və yazılı təqdimat üçün vaxt istəyib.
Vəkil Ülvi Nəsibli buna etiraz edib və etirazın prosesin uzadılmasına söykəndiyini məhkəməyə bildirib.
Hakim iddiaçı tərəfə etiraz üçün vaxt verilməsi barədə qərar qəbul edib.
Proses 15 dekabrda davam etdiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.