"Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsait köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır. Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur”.
Bunu APA-nın sualına cavab olaraq Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Dünyada başqa bir təcrübənin olduğunu bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: "Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə həvəsləndirməsi də olsa kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır”.