Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azdatakom” şəbəkəsinin texniki resurslarını hazırda ölkəmizdə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, daxili internet şəbəkənin yaradılması qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin beynəlxalq kanallarının 35-40 faizə qədər əlavə yüklənməsinin qarşısını almaq, yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.