Dövlət Statistika Komitəsi (DSK) əhali statistikasının ötənilki yekununa dair hesabatını açıqlayıb. Bu hesabat son illərdə baş verən dəyişiklikləri görmək imkanı yaradır. Belə ki, 2011-ci ilin sonunda Azərbaycan əhalisinin sayı 9 milyon 111 min nəfər idi. On il sonra - 2021-ci ilin sonunda həmin göstərici 10 milyon 156 min nəfərə yüksəlib. Nəticədə son 10 ildə Azərbaycan əhalisinin sayı 1 milyon 45 min nəfər və ya 11.5 faiz artıb.
Ancaq son 10 ildə ölkə əhalisinin yaşlanması daha çox diqqət çəkir. Məsələ ondadır ki, yaşlı sakinlər toplam əhali arasında daha çox yer tutmağa başlayıb. Məsələn, 2011-ci ildə Azərbaycanda 65 yaşı aşan 528 min insan vardı. Bu, bütün ölkə əhalisinin təxminən 5.8 faizi idi. Ötən ilin sonunda Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin sayı 800 min nəfərə çatıb. Yəni, həmin əhali 10 il içində xeyli artıb və 65 yaşı aşan şəxslər ölkə əhalisinin, az qala 8 faizinə yaxınlaşıb. Burada diqqəti çəkən və təəccüb doğuran məqam odur ki, son illər ölkədə yaşlı şəxslərin sayı çoxalsa da, pensiya alanların sayı tam tərsinə azalıb. Belə ki, 2011-ci ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 831 min nəfər olub. 2021-ci ildə onların sayı 707 min nəfərə enib. Yəni, 10 il ərzində yaşa görə pensiya alanların sayı 124 min nəfər azalıb.
Maraqlıdır, yaşı 65-dən yuxarı olan əhalinin sayı artdığı halda, pensiya alanların sayı niyə azalıb?
“Problem ondadır ki, 65 yaşına çatanların heç də hamısı minimum 25 staja malik deyil”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov pensiyaya çıxanların sayının azalmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi bir neçə il əvvəl başlayan pensiya islahatları ilə əlaqədardır. Məsələ ondadır ki, pensiya yaşının artırılması sayın azalmasına öz təsirini göstərib. Çünki 2017-ci ildə pensiya sisteminə edilən dəyişikliklərdən sonra pensiya yaşı 65-ə yüksəldilib. Üstəlik, pensiyaya çıxmaq üçün ən azı 25 il iş stajı tələb olunur. Minimum pensiya kapitalı tələblərinin yüksəldilməsi də Azərbaycanda hətta 65 yaşı haqlayanların pensiya almasını çətinləşdirib. Problem ondadır ki, 65 yaşına çatanların heç də hamısı minimum 25 il staja malik deyil. Məhz bu iki səbəbdən yaşı 65-i keçənlərin sayı artsa da, pensiya alanların sayı azalıb. Qanunvericilikdə minimum iş stajı və ya pensiya kapitalına sahib olmayan şəxslərə müavinət verilməsi nəzərdə tutulur. Bu səbəbdən, pensiya ala bilmədiyindən yaşa görə müavinət təyin edilənlərin sayında ciddi artım var. Bunu rəqəmlər də təsdiq edir. Məsələn, 2011-ci ildə Azərbaycanda cəmi 17 min nəfər yaşa görə müavinət aldığı halda, 2021-ci ildə bu say 100 minə çatıb. Məhz pensiya stajını doldura bilməyənlər müavinət alır. Hesab edirəm ki, pensiya yaşının və bunun üçün tələb olunan 25 il iş stajının azalmasına ehtiyac var”.
Ekspert onu da əlavə etdi ki, belə olarsa, o zaman daha çox ölkə vətəndaşı pensiya almaq hüququna malik olacaq.
Vidadi ORDAHALLI