Əfsuslar olsun ki, yenə də Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir.
Azərbaycana gələnlərin 6,2 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, tursitlərin 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvanda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyib.
Görünən odur ki, regionlar xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzur. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Bu ilin ilk yarısında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1 milyon 27 min olub. Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 minə çatıb ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir. Burda da üstünlük Bakı şəhərinin üzərinə düşür.
Maraqlıdır, turizmdə bölgələrin payı niyə aşağıdır?
“Xarici turistləri bölgələrdə gəzdirə və tarixi abidələr barədə məlumat verə biləcək bələdçilər olmalıdır”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirlinin fikrincə, xaricdən gələn turistlərin bölgələrdən çox Bakıya üz tutmasının bəlli səbəbləri var: “Zaman-zaman bununla bağlı məsələlər müzakirə olunub. Problem ondadır ki, regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib. Bölgələrdə otellərin sayı çox deyil. Regionlarda turizm sahəsi üzrə ixtisaslaşmış mütəxəssislər çatışmır. Təkcə pulum var deyə hansısa rayonda turizm obyekti açmaqla, yaxın qohum-əqrabasını işə götürməklə məsələ həll olunmur. Turizm işinin təşkili böyük bir prosesdir və burada bir sıra komponentlər bir-birini tamamlamalıdır. İşin təşkilindən tutmuş xidmət səviyyəsinin qurulması, xidmətin keyfiyyəti və digər bir sıra məsələlər bura daxildir. Problem ondadır ki, regionlarda otel problemi ilə yanaşı, xidmət səviyyəsi də aşağıdır. Bizdə bölgələrdə turizm mövsümi xarakterli olduğuna görə, işçilərin peşəkarlığına önəm verilmir. Xarici turistləri bölgələrdə gəzdirə və tarixi abidələr barədə məlumat verə biləcək bələdçilər olmalıdır. Başqa bir tərəfdən, regionlarda qiymətlər bahadır. Xidmət aşağı, amma qiymət baha. Belə olan halda, təbii ki, xarici turist regionlara getməkdə maraqlı olmaz”.
Bu baxımdan ekspert hesab edir ki, Azərbaycanda turizmlə bağlı problemlər köklü şəkildə həll edilməlidir.
Vidadi ORDAHALLI