Dəfələrlə vurğulamışam ki, Azərbaycan türkcəsinə gedən yolum Borçalıdan keçib. Ana südü ilə, dədə-baba genləriylə onlara ötürülən Xalq folkloru (laylalar, bayatılar, dastanlar, nağıllar, atalar sözləri), Vətən sevgisi aşılanan Dostluq, Qardaşlıq kimi əxlaqi davranışları hər birini mətnləşdirərək adlarının fəxarətlə çəkilməsinə səbəb oldu: Fikrət Mursaqulov, Nizami Məmmədzadə, Əflatun Amaşov, Həzi Həsənli, Dərviş Osman Əhmədoğlu, Zəlimxan Yaqub, Knyaz Aslan, İlhamə Məhəmmədqızı, İradə Sarıyeva, Hamlet İsaxanlı, Firidun Şamiloğlu, Camal Mustafayev, Ramiz Bəkirov, Əli Yüzbaşev və adlarını sadalamadığım daha kimlər...kimlər bu bölgəyə vurğunluğumun təməlini qoydular. Oraya edilən səfərlər, el şənlikləri, aşıq və ağsaqqallarla təmaslarım “Borçalılı” etdi məni. Beləliklə də “Eloğlu, bu evin yiyəsi hanı?” məzmunlu əsərlərim ortaya çıxdı – oxundu və bəyinildi...
Mədət Coşqun, Əli Abbas, Nurafiz, İmir Məmmədli, Maşov Mirzə, Fərhad Əziz və digər söz adamları Gürcüstan Ədəbi mühitlə yaxınlaşdırdılar məni.
Nəhayət – Zəlimxan Məmmədli... Mübarizlik etalonu, Sözlə Əməlin bütövlüyü nümunəsi olan bu İnsanla tanışlığımın nə əvvəli var, nə sonu. İdeoloji yaxınlığımız, mənəvi qardaşlığımızın halallığı “Dostluq imtahanı”ndan, zənnimcə, “Əla”nı gətirdi mənə. Belə olmasaydı, Zəlimxan bəy öz “könül çırpıntılarını” həvalə etməzdi mənə.
O, uşaq səmimiyyəti ilə beş bölümdən ibarət kitabını təqdim edərək: “Mən şair deyiləm, sadəcə ilham pərisinin “yazdıqlarını” qələmə almışam, nəyi bəyənməsən, çıxart” - dedi.
Bölümlərə qoyduğu adlardan (“ Haqqın zəfəri”, “Bu yolda”, “Ayıl, vətənoğlu!”, “Dost kim ola?” və “İthaflar”) məlum olur ki, Zəlimxan Məmmədli ədəbiyyatda heç də naşı deyil. Poetik toplunun “ Vətənin dadı – Vətən adı” adlandırılması dediklərimizi təsdiqləməkdədir.
Kitabın cəlbediciliyi və özəlliyi ondadır ki, bütün bölümləri birləşdirən ana xətt – Turançılıq ideyası var. Əslində bu başadüşüləndir. İndiki qloballaşma “yürüşü” dövründə özünəqayıdış, milli köklərə və genlərə tapınmaq vacibdən də vacib bir məsələdir. Zəlimxan Məmmədli sözügedən gerçəkliyi dərk edib də həyəcan təbili çalmaqda israrlıdır. Bu, “milli mənzil”də qapanmaqla məhdudlaşmır. Çünki müəllifin geniş düşüncə inkanları özünü nəzmdə də qabarıq formada göstərərək, oxucunu öz səmimiliyi ilə ovsunlayır...
Zəlimxan Məmmədli öz ziyalı “ehtiyatları” ilə kitaba ön sözü daha sanballı söz adamına yazdıra bilərdi. Lakin Azərbaycanda yaşayan Borçalı kökənli Turançı bu missiyanı Elat bayramlarında, digər tədbirlərdə, başlıcası isə inamlı Yolçuluq dostuna – bəndənizə həvalə etməklə İnsanlıq adına növbəti dəfə imza atmış olur, Azərbaycan – Gürcüstan dostluğuna “hə”sini inamla möhürləyir.
Əminəm ki, ön söz yazdığım “Vətənin dadı – Vətən adı” poetik toplu vətənpərvər oxucu ruhlarını oxşamağı bacaracaq. Buna şübhəm yoxdur.
Kitabı gözəlləşdirən və üz qabığı ilə bəzəyən rəssam-şair Sehran Allahverdinin əməyi danılmazdır. “Çox sağ ol”un ən böyük payı məhz bu ziyalıya düşür.
Giya PAÇXATAŞVİLİ Zəlimxan Məmmədlinin və Azərbaycan ədəbiyyatının sadiq dostu