Macarıstanın yeni hökuməti Ermənistan, Gürcüstan və Filippindən olan əmək miqrantları üçün ölkəyə giriş qadağası tətbiq edib.
Hökumət sözçüsü Vanda Sondinin sözlərinə görə, bu qərar xarici işçilərin işə götürülməsi ilə bağlı ümumi prosedurun nəzərdən keçirilməsi çərçivəsində qəbul edilib.
"Bu gündən etibarən bu üç ölkədən olan işçilər artıq sadələşdirilmiş prosedur çərçivəsində ölkəyə daxil ola bilməyəcəklər” - deyən hökumət sözçüsü bildirib ki, artıq Macarıstanda olan sözügedən ölkələrin vətəndaşlarının iş icazəsinin uzadılması müraciətlərinə isə standart prosedur çərçivəsində baxılacaq.
O, bu üç ölkənin niyə seçildiyini açıqlamayıb. Sadəcə bildirib ki, Peter Magyarın rəhbərlik etdiyi yeni hökumət, vəd etdiyi kimi, Macarıstanda əcnəbilər üçün məşğulluq şərtlərini sərtləşdirir.
Onun sözlərinə görə, ölkəyə xarici işçilərin cəlb edilməsi yerli işçilərin maaşlarını və iş imkanlarını azaldır.
Tahir TAĞIYEV