Bəziləri ölkəmizə qeyri-səmimi münasibət bəsləyir və təəssüf ki, onlar arasında parlament deputatları da var. Onlar bizim hüquqi fəaliyyətimizi “ştrafstan” adlandırır.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev hökumətin iclasında deyib.
AzattyqAsia-nın xəbərinə görə, Qazaxıstanın “ştrafstan” adlandırılması halları ilyarım əvvəl başlayıb. Həmin vaxt Məclis sədri Azat Peruaşev sahibkarlara tətbiq edilən cərimələrin yüksək məbləğinə kəskin etiraz edib və ölkəni Qazaxıstan deyil, “ştrafstan” adlandırıb. Deputat nazirlərə və yüksək çinli məmurlara xitab edərək deyib ki, mən sizin yerinizə utanıram, heç olmasa bir dəfə isti kabinetlərinizdən çıxıb özünüzü sahibkarların yerinə qoyun, siz ölkədə quruculuq yerinə hansısa “ştrafstan” qurmaqla məşğulsunuz.
Prezident Tokayevin təpkisindən sonra deputat fikrini dəyişib və Məclisdən üzr istəyib. Jurnalistlərlə söhbətində isə deyib ki, əslində “bura Qazaxıstandır, “ştrafstan” deyil” demək istəyib, lakin əsəbi olduğundan fikrini düzgün ifadə etməyib.
Lakin o vaxtdan bəri bu söz sosial mediada geniş istifadə olunmağa başlayıb və ölkədə baş verən ən cüzi qiymət artımı bu termini gündəmə daşıyır.
RAMİL