ADY: “Türkiyə ilə bizim aramızda heç vaxt sərnişindaşıma olmayıb”
Son günlər bəzi saytlarda “Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı” başlıqlı xəbər yayılır. Xəbəri oxuyanda belə təəssürat yaranır ki, sərnişinlər Türkiyəyə qatarla gedib gələ biləcəklər. Çox maraqlıdır xəbərin mətni başlığın tam əksinədir, yəni yazıda söhbət sərnişinlərin qatarla gediş gəlişindən danışılmır, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin rəsmi açılışından danışlır.
Bu xəbər yayılandan sonra vətəndaşlar tez-tez sual verirlər ki, bəyəm Bakıdan Türkiyəyə qatar reysi açılıb?
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mətbuat xidmətindən baki-xeber.com-a bildirdilər ki, başlıqda təqdim olunan informasiya yanlışdır. Qurumdan dedilər ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yalnız yük daşımaları həyata keçirilir, sərnişin daşınması nəzərdə tutulmur. “Türkiyə ilə bizim aramızda heç vaxt sərnişindaşıma olmayıb”-deyə qurumdan bildirdilər.
"Azərbaycan Dəmir Yolları" QSC-dən onu da dedilər ki, media rəsmi məlumatlara istinad etməli, vətəndaş da rəsmi xəbəri əsas tutmalıdır. “Bir çox saytlarda düzəliş etmişik, amma fiziki olaraq hamı ilə kontakta keçib hər yerdə düzəliş edə bilmirik”-deyə qurumdan bildirdilər.
İradə SARIYEVA