Amerika vətəndaşı Tomas Veyr Pauken ABŞ-da xarici hökumətin agenti kimi fəaliyyət göstərməkdə və Çin kəşfiyyat xidmətlərinə işləməkdə günahını etiraf edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib. Departamentin məlumatına görə, 50 yaşlı amerikalı təxminən 15 il Çində yaşayıb və jurnalist kimi çalışıb. Tomas Makqreqor təxəllüsü ilə müxtəlif Çin media orqanlarında məqalələr dərc edən Pauken televiziyada ekspert kimi də çıxış edib. Federal Təhqiqat Bürosunun (FTB) məlumatına görə, ən azı 2019-cu ildən 2026-cı ilə qədər o, Dövlət Təhlükəsizlik Nazirliyi də daxil olmaqla, Çin kəşfiyyat xidmətləri üçün müxtəlif tapşırıqlar yerinə yetirib. Onun rəhbəri özünü Keyti kimi təqdim edən bir qadın olub. Keytinin rəhbərliyi altında o, Çin kəşfiyyat orqanlarının potensial işə qəbul hədəfi hesab etdiyi şəxslərlə görüşlər keçirib, həmçinin bu şəxslərə Çin kəşfiyyatı ilə əlaqə saxlamaq üçün mobil telefonlar, noutbuklar və digər cihazlar təqdim edib, onlarla Çin kəşfiyyat orqanları arasında vasitəçi kimi çıxış edib.
Bu işlər qarşılığında Pauken rəhbərindən ən azı 100.000 dollar alıb. Keyti həmçinin 2019-2025-ci illər arasında potensial agentlərlə görüşmək üçün ABŞ-a etdiyi ən azı bir neçə səfərinin xərcini ödəyib. Bu səfərlərdən birində Pauken FTB tərəfindən dindirilib, lakin sonradan sərbəst buraxılıb. Pauken Çin kəşfiyyatı adından həyata keçirdiyi sonrakı səfər zamanı həbs edilib. Bu ittiham üzrə ABŞ-da maksimum cəza 10 il həbsdir. Paukenin məhkəməsi 1 sentyabrda keçiriləcək.
SAMİRƏ