ABŞ prezidenti Tramp İranla razılaşma prosesinin sona yaxınlaşdığı mesajını verib. "İranı çox tezliklə tərk edəcəyik, istər razılaşma yolu ilə, istərsə də çox sərt bir üsulla, hər halda bu baş verəcək" – deyəo bildirib.
Trampın bu mesajından sonra ABŞ mediası İranla mümkün nüvə danışıqlara hazırlıqlarla bağlı diqqət çəkən xəbər yayıb. “Axios”a danışan iki ABŞ rəsmisinin sözlərinə görə, Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Tennessi ştatındakı Oak Ridge Milli Laboratoriyasında uran emalı və santrifüj texnologiyaları üzrə mütəxəssislərlə görüşüblər.
Rəsmilər iddia edir ki, mümkün nüvə danışıqlarına hazırlıq məqsədilə keçirilən görüş nəticəsində İran və ABŞ arasında ilkin razılıq əldə olunarsa, danışıqları dəstəkləmək üçün təxminən 100 mütəxəssisdən ibarət qrup yaradılacaq.
Xəbərdə həmçinin Ağ Evin İranla müharibəni sona çatdıracaq və hərtərəfli nüvə müzakirələrinə yol açacaq anlaşma mətni üzərində çalışdığı, mümkün danışıqlar başlayacağı təqdirdə texniki ekspertlərin də prosesə daxil edilməsinin planlaşdırıldığı iddia edilib.
Tahir TAĞIYEV