Vətən müharibəsində qazanılan Zəfərimizin birinci ildönümünə saylı günlər qalır. Bu münasibətlə Masallı rayonunun məktəblərində, mədəniyyət ocaqlarında, idarə və təşkilatlarında müxtəlif səpkili tədbirlər görülür. Növbəti belə tədbir “Zəfər tariximiz” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbində keçirildi.
Mövzusu “Vətənpərvər Azərbaycan gəncliyi” olan tədbirdə mərkəzin direktoru Dilbər İbayeva, mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə, adı çəkilən məktəbin müəllim və şagirdləri iştirak edirdilər. Ehtiram əlaməti olaraq 30 ilə yaxın yağı əsarətində qalan Vətən torpaqların azadlığı uğrunda canından keçə qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin direktoru D.İbayeva çıxışında tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının, o cümlədən Milli Qəhrəmanların şagirdlərə daha ətraflı tanıdılması olduğunu bildirməklə, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq hər birimizin şəhid ailələrinin yanında olmağını söylədi.
Mərkəzin əməkdaşı G.Vəkilzadənin çıxışı daha dolğun və geniş alındı. O, dedi: - Vətən uğrunda canlardan keçən şəhidlərin əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. 44 Günlük Vətən Müharibəsi sübut etdi ki, Azərbaycan ordusunun gücü, vətənpərvərlik ruhu çox yüksəkdir. Ölkəmizdə müstəqillik dövründə milli dövlətçilik dəyərlərinə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişibdir. Bəli, cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz. Biz doğma vətən torpaqlarını düşmən tapdağından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanları gənclər arasında hər zaman təbliğ etməliyik.
Axırda tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi ilə bağlı hazırlanmış video-çarxa baxış keçirtdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü