İkinci Qarabağ savaşında Vətən torpaqlarını canından əziz bilən, onun azadlığı uğrunda şəhid olan qəhrəman oğullardan biri Sənan Nizami oğlu Ağazadədir. Həyatının mənasını xalqının, doğma yurdunun xoşbəxtliyində görən Sənan 2000-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində dünyaya göz açmışdı.
Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə döyünən bu Vətən sevdalısının həqiqi hərbi xidməti qaynar bölgələrin birin də keçir. 1 il 3 ay xidmət etdikdən sonra İkinci Qarabağ müharibəsi başlanır. Sənan Füzuli istiqamətində gedən döyüşlərə qoşulur. Erməni dığalarına qarşı qəhrəmanlıqla vuruşur, onun döyüş texnikasını, çoxlu sayda canlı qüvvəsini məhv edir. 2020-ci il oktyabr ayının 14-də düşmən gülləsinə tuş gələn igid əsgərin Vətən eşqi ilə döyünən ürəyi dayanır.
Sənan Ağazadənin şücaətinə dövlətimiz tərəfindən yüksək qiymət verilib. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olmasına görə” medallarına layiq görülüb
Bu günlər Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və Mədəniyyət işçilərin Həmkarlar İttifaqının Lənkəran rayon Komitəsinin sədri Anar Salayev şəhid Sənan Ağazadənin qəbrini ziyarət etdikdən sonra şəhidin ailəsi ilə həmsöhbət olub şərəfli döyüş yolundan, Vətəninə, xalqına məhəbbətindən qürurla danışdılar. Axırda ailənin vəziyyəti ilə maraqlanıb bir sıra problemlərini yoluna qoymaqda onlara dəstək oldular.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü