Hazırda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbirlər ölkəmizin hər yerində olduğu kimi, dağlar diyarı Yardımlı rayonunda da ara vermir.
Növbəti belə tədbir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Yardımlı şəhər 4 saylı tam orta məktəbdə baş tutdu. “Şuşa, sən artıq azadsan” adlı tədbirə başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlik zirvəsinə ucalan oğlanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev tarix boyunca Azərbaycan xalqının başına gətirilən bəlalardan, üzləşdiyimiz tarixi sınaqlardan, eləcə də qətiyyətli siyasi liderlik və rəşadətli ordumuzun sayəsində əldə olunmuş bugünkü əmin-amanlıqdan qürurla danışdı.
Mərkəzin əməkdaşı Elşən Abışovun və 4 saylı orta məktəbinin direktoru Miralim Səmədovun çıxışları da iştirakçıların marağına səbəb oldu. Onlar 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsini bildirdilər, işğal faktına son qoyulmasının qürur verici hadisə olmasını qeyd etdilər.
Mərkəzin digər əməkdaşı Zeynəb Məmmədzadə isə “Qafqazın sənət məbədi” adlanan Şuşa şəhəri və Yardımlı rayonunun Kürəkçi kəndindən olan Vətən müharibəsi şəhidi Valeh Məmiyev haqqında məlumatlar verdi.
Tədbirdə iştirak edən Mərkəzin əməkdaşları, adıçəkilən məktəbin müəllim və şagird kollektivi axırda Şuşa şəhəri və şəhid Valeh Məmiyevə həsr olunmuş video-çarx baxdılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü.