Şəhərin mərkəzi küçələrində piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş səkilər yox səviyyəsindədir. Səkilərin bəziləri çox ensizdir, bəziləri isə işıq və ya yol nişanlarının dirəkləri ilə zəbt edilib. Enli piyada səkiləri isə çox zaman ya sürücülər, ya da kafe-restoran sahibləri tərəfindən maşın dayanacağı kimi istifadə edilir.
Abşeronda, Xırdalan şəhərinin mərkəzi küçəsində piyada səkisi qazılaraq ləğv edilib. Nəticədə sakinlər avtomobil yoluna çıxmaq məcburiyyətindədir.
Sakinlər iddia edir ki, bunu orada inşa edilən yeni binanın rəhbərliyi edib. Bildirilir ki, bina rəhbərliyinin göstərişi ilə piyadalar üçün salınan səki qazılaraq obyektlərə birləşdirilib. Yəni həmin yola düşən hissə qanunsuz olaraq genişləndirilib. Bu yoldan istifadə edən sakinlər isə məcburiyyət qarşısında qalaraq avtomobil yoluna çıxırlar.
Abşeron Rayon İcra Hakimiyyəti - Şahin Bayramov: “MTK rəhbərliyi qanunsuz olaraq qeyri-iş günündən istifadə edərək həmin ərazidə qazıntı işləri aparıb”
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin Şahin Bayramov bildirdi ki, MTK rəhbərliyi qanunsuz olaraq qeyri-iş günündən istifadə edərək həmin ərazidə qazıntı işləri aparıb: “Piyada səkisi bərpa edilənə kimi sakinlər avtomobil yolundan keçməyə məcburdur”.
Mayis Əliyev: “Bakıda piyada səkiləri sahibkarlar, ticarət obyektləri və restoran sahibləri, həmçinin tikinti şirkətləri tərəfindən zəbt edilir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, Bakıda piyada səkiləri sahibkarlar, ticarət obyektləri və restoran sahibləri, həmçinin tikinti şirkətləri tərəfindən zəbt edilir: “Səkilər o qədər zəbt edilir ki, piyadanın hərəkəti üçün yer qalmır. Belə olan şəraitdə piyada məcbur qalır ki, avtomobil yolu ilə hərəkət etsin. Yol Polisi və digər qurumlar mütəmadi olaraq monitorinqlər aparmalıdır. Səkilərin zəbt edilməsi halları aşkar edilməli və aradan qaldırılmalıdır ki, piyadalar rahatlıqla hərəkət edə bilsinlər. Piyadalar belə hallarla qarşılaşdıqları zaman alternativ yollar seçməlidirlər. Xoşagəlməz halların aradan qaldırılması üçün insanlar öz sağlamlığını və təhlükəsizliyini özləri düşünməlidir. Qaydalara əsasən, məhəllədaxili küçələrdə piyada səkilərinin eni minimum1, 5 metr olmalıdır. Ancaq buna əməl edən yoxdur”.
Günel CƏLİLOVA