Yardımlı rayonunda 44 günlük İkinci Qarabağ müharibəsində doğma Vətən torpaqlarının hər qarışı uğrunda hünərlə döyüşərək əsl qəhrəman kimi şəhidlik zirvəsinə ucalan Saleh İrzəxan oğlu Səfərovun il mərasimi keçirildi. Anım mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri şəhidin məzarını ziyarət edilib üzərinə gül dəstələri düzdülər.
RİH başçısı Ayaz müəllim çıxış edərək dedi: - Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Azərbaycanın müqəddəs parçası olan Qarabağın azad olunması üçün mənfur düşmənin üzərinə yeriyərək vətənin müdafiəsi uğrunda canından, qanından keçən igid Vətən oğlanların qanının yerdə qalmadı. Yağı düşməndən qisas döyüş meydanında alındı. Vətən, torpaq naminə qan tökənlər heç vaxt unudulmaz, onların əziz xatirəsi xalq tərəfindən həmişə minnətdarlıqla anılacaq.
Onu da qeyd edək ki, Saleh Səfərov 31 avqust 1983-cü ildə rayonunun Ünəc kəndində anadan olmuşdur. 2001-ci ildə ordu sıralarına çağırılmış və xidmətini başa vurduqdan sonra yenidən ön cəbhədə doğma Azərbaycanın keşiyində durur. İkinci Qarabağ müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə böyük hünər göstərir. Son anda canını qurban verir ki, təki Vətən yaşasın. Bu qəhrəmanlığı dövlət tərəfindəndə də ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü