Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 10-da Astarada Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunan atletika üzrə birinci respublika yarışı keçirilib.
Turnirin açılış mərasimi Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin, Millət vəkili Rəşid Mahmudovun, federasiya təmsilçilərinin, Vətən müharibəsi qazilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçdi. Yarışda respublikanın şəhər və rayonlardan 10-a yaxın komanda qələbə uğrunda mübarizə aparır.
1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində dünyaya göz açmış Arif İsmayıl oğlu Qeybiyev orta məktəbdə təhsil aldığı illərdən idmanın atletika növünə maraq göstərib. Dəfələrlə respublika və rayon miqyaslı turnirlərdə yüksək nəticələr qazanıb. 2015-ci ildə isə I Avropa Oyunlarının iştirakçısı olub. Həm də Birinci Avropa oyunlarında olimpiya məşəlini Arif Astarada qaldırıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev İkinci Qarabağ müharibəsinə qatılır, Vətən torpaqların azadlığı uğrunda birinci günü şəhidlik zirvəsinə ucalır. Cəsur döyüşçü Astara rayonunun Ərçivan qəsəbəsində uyuyur. Dövlət tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Yarışın qaliblərinə ilk diplom və medallar verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü