Hazırda koronavirus (COVİD-19) infeksiyası bütün dünyada sürətlə yayılmaqdadır. Virusdan qorunmaq üçün əsas tələb gigiyenik qaydalara əməl etməkdir. Virusun sürətlə yayıldığı dövrdə insanları əsas maraqlandıran məsələlərdən biri qida təhlükəsizliyidir. Azərbaycanda gündəlik qida məhsulları içərisində ilk yeri çörək tutur.
Ancaq təəssüf ki, hələ də çörəyin gigiyenik qaydalara əməl edilmədən açıq şəkildə satılması hallarına rast gəlinir. Onu da qeyd edək ki, market və dükanlarda tək çörək deyil, digər ərzaqlar da açıq şəkildə, qablaşdırılmadan satılır. Çərəz, müxtəlif un məmulatları, konfetlər və digər ərzaqların açıq şəkildə satılmasının şahidi oluruq. Virus daşıyıcısı olan şəxs həmin məhsullara toxunanda virusların yayılması üçün şərait yaradır. Bu səbəbdən həmin məhsulların qablaşdırılmış formada satışa çıxarılması daha məqsədəuyğundur.
Məlumat üçün bildirək ki, ötən ilin yaz aylarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı metodiki göstərişdə də bildirilirdi ki, koronavirusdan qorunmaq üçün alış-veriş edərkən diqqətli olmaq lazımdır. Göstərişdə qeyd olunurdu ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, termiki emal olunmadan və təmizlənmədən istifadə edilən qablaşdırılmamış məhsulların vitrində açıq şəkildə satışı yolverilməzdir. Çörək, un-qənnadı məmulatları və digər qablaşdırılmamış qida məhsulları alıcılara xüsusi geyimlə təmin edilmiş satıcılar təqdim etməlidir. Ancaq market və dükanlarda məlum göstərişə əməl edilmir.
“Çörək, çərəzlər, müxtəlif un məmulatları, konfetlər və s. koronavirusun və digər virusların yayılması üçün şərait yaradır”
Qida texnoloqu Ağa Salamov bildirdi ki, qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyi ilə bağlı istehlakçıları narahat edən məsələlər var: “Məsələn, çörək, çərəzlər, müxtəlif un məmulatları, konfetlər və s. koronavirusun və digər virusların yayılması üçün şərait yaradır. Məsələn, çörək kartof deyil ki, onu yuyub təmizləyək, emaldan keçirmək mümkün olsun. Koronavirus olmayan vaxtlarda da virus var idi. Vərəm çöpləri, min cür infeksiyalar, bakteriyalar var. Virus elə bir şeydir ki, səthlərdə - çörəyin üstündə, divarda, hər hansı metalın, dəmirin üzərində yaşamır. Ancaq virus göz, ağız və burun vasitəsilə, ümumiyyətlə hava-damcı yolu ilə orqanizmə düşdüyü zaman başlayır yaşamağa və insanları ölümə qədər aparır. Çörəyin qablaşdırılması vacib məsələdir. Müştəri isti və yumşaq çörəyi müəyyən etmək üçün əli ilə məhsula toxunur”.
Günel CƏLİLOVA