44 günlük İkinci Qarabağ müharibəsi başlanan andan döyüşə atılıb Vətən, torpaq naminə canından keçən igid oğlanların xatirəsi Lənkəranda hər yerdə, həmişə böyük ehtiramla yad edilir. Həmçinin hər bir şəhidin adına layiqli işlər görmək burada artıq qürurlu ənənəyə çevrilibdir.
Bu günlər növbəti belə bir tədbir rayonun Nərimanabad qəsəbəsində keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş qəsəbə tam orta məktəbinin yaraşıqlı binası qarşısında həmin məktəbin məzunu, döyüş meydanında erməni dığalarına qarşı xüsusi şücaət göstərib şəhid olan Vasif Vaqif oğlu Abiyevin barelyefinin açılışı oldu. Mərasimdə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, qəhrəmanın döyüş dostları, məktəbin pedaqoji və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak edirdilər. İcra başçısının I müavini M.Babayev, şəhidin hərbçi qardaşı və döyüş dostları, müəllimləri öz çıxışlarında Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qəhrəman əsgərləri və zabitlərin 44 gün davam edən, xalqımıza zəfər sevinci yaşadan müharibədə rəşadətindən və ölkə başçısının şəhid ailələrinə, öz sağlamlığını Vətən yolunda qoyanlara göstərdiyi qayğı və davamlı diqqətindən söz açdılar.
Mərasimdə məktəblilərin ifasında şəhidlərdən bəhs edən ədəbi-bədii kompozisiyası ifa edildi. Sonra mərasim iştirakçıları məktəbdə Lənkəran elinin qalib şəhid oğlu Vasiflə bağlı xatirələrini özündə yaşadan eksponatların nümayiş etdirdiyi muzeylə tanış oldular.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü